Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankındakı (AIIB) iştirak payı 0,0081 faiz bəndi azalaraq 0,2763%-ə düşüb.
AIIB-ə istinadən xəbərə görə, bu, Filippin, İran və Portuqaliyanın AIIB-ə üzvlüyünün ratifikasiyası ilə əlaqədardır.
Məlumata görə, rəsmi Bakının AIIB-də səsvermə hüququ da 74 səs yaxud 0,0229 faiz bəndi azalıb. Hazırda Azərbaycanın səsvermə hüququ 5 635 səs yaxud 0,5215% həddindədir.
Azərbaycanın Bankda nominal ifadədə iştirak payı dəyişməyib və hazırda da 254,1 mln. ABŞ dolları səviyyəsindədir.
Qeyd edək ki, Filippinin AIIB-ə üzvlüyü ötən il dekabrın 28-də, İranın üzvlüyü bu il yanvarın 16-da, Portuqaliyanın üzvlüyü isə fevralın 8-də ratifikasiya edilib.
Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü isə 2016-cı il iyunun 24-də ratifikasiya edilib.