Bu ilin avqust ayında Azərbaycanın avtomobil bazarında aktivlik iyul ayına nisbətən daha aşağı olub.
Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.
O bildirib ki, artıq sentyabrın ortaları olsa da, bazarda aktivlik yüksəlməyib:
“Həm yeni, həm də köhnə avtomobillərin qiymətində kəskin dəyişiklik yoxdur. Sentyabrın sonlarına doğru bazarda aktivliyin artacağını gözləyirik. Ötən ay yeni avtomobillərdən daha çox mini krossoverlərə üstünlük verilib. Hibrid avtomobillər yenə trenddədir. Amma bu o demək deyil ki, ən çox onlar satılır. Yenə də benzin mühərrikli avtomobillərə tələbat daha çoxdur. Köhnə avtomobil bazarı hələ fəallaşmayıb. Orda da tələbat əsasən benzin mühərrikli sedanlaradır. Bunlar mühərrik həcmi 1 500 kub santimetrdən 2 000 kub santimetrə qədər olan avtomobillərdir”.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev də ötən il avtomobil satışlarının aşağı olduğunu deyib:
“Avqust ayında ölkədəki bir çox şirkət və dövlət qurumlarında çalışan insanların məzuniyyət və tətil dönəmi olur. Bu səbəbdən avtomobil satışları zəifləyir. Ölkəmizdəki rəsmi dilerlərin də satış göstəriciləri ötən ay aşağı olub. Bu hal təkcə yeni avtomobillərə deyil, ikinci əl avtomobillərə də aiddir. Hər il əsasən sentyabrın sonundan satışlarda aktivlik hiss olunur. Bu il də eyni halın təkrar olacağı gözlənilir”.
O, son dövrlər elektrikli avtomobillərə tələbatın artdığını vurğulayıb:
“Elektrikli avtomobillərin qiymət çeşidlərində də əvvəlkinə nisbətən dəyişiklik var. Artıq hər qiymətə elektromobil almaq olur. Bakıda elektrikli avtomobillər üçün infrastruktur genişlənir. Şarj məntəqələri çoxalır. Hibrid avtomobillərə maraq həmişə var. Sadəcə istehsalçı zavodlar Azərbaycan bazarını kifayət qədər hibrid avtomobillə təmin etmir”.
E. Əliyevin fikrincə, əvvəllər ABŞ-dan Azərbaycana ikinci əl avtomobillər çox gəlirdi: “İndi isə ikinci əl avtomobillər daha çox Çin və Koreyadan gətirilir”.
Paytaxtda ikinci əl avtomobillərin satışı ilə məşğul olan şəxslər bildirir ki, bazarda əsas üstünlük “Mercedes”, “Hyundai”, Toyota” kimi avtomobil modellərinə verilir. Avtomobil bazarında mühərrikin gücü, yürüş məsafəsi, texniki vəziyyəti və digər amillərə görə bir sıra avtomobillərin qiyməti aşağıdakı aralıqda dəyişir:
“Mercedes C-class” (2007-2008-ci il) – 13 000 -25 000 manat
“Mercedes GL-class” (2006-2007-ci il) – 23 000-36 000 manat
“Mercedes GL-class” (2015-ci il) – 60 000 – 93 500 manat
“Nissan Kicks” (2019-2021-ci il) – 29 500 – 33 000 manat
“Nissan Sunny” (2010-2011-ci il) – 10 000 – 16 500 manat
“Hyundai Sonata” (2008-2009-cu il) – 12 500 – 30 000 manat
“Hyundai Santa Fe” (2021-ci il) – 55 500 – 74 500 manat
“Hyundai Santa Fe” (2014-2015-ci il) – 27 000 – 42 500 manat
“Hyundai Accent” (2021) – 27 000 – 30 000 manat
“Hyundai Accent” (2010-2011-ci il) – 12 500 – 20 000 manat
“Toyota Camry” (2014-2015-ci il) – 22 500 – 43 000 manat
“Toyota Camry” (2021-ci il) – 50 000 – 77 000 manat
“Opel Astra” (2006-2007-ci il) – 8 000 – 17 000 manat
“Chevrolet Cruze” (2012-2013-cü il) – 10 000 – 19 000 manat.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana 813.465 milyon ABŞ dolları dəyərində 52 min 572 ədəd minik avtomobili idxal edilib ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq 95 % və 38 % çoxdur.
Hesabat dövründə Azərbaycan xaricdən 565.561 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 66 % çoxdur) 42 min 654 ədəd (38 % çox) benzin və dizel mühərrikli, 186.543 milyon ABŞ dolları dəyərində (2.6 dəfə çox) 8 min 426 ədəd (19 % çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitəsi (hibrid) və 61.361 milyon ABŞ dolları dəyərində (11 dəfə çox) 1 min 492 ədəd (8 dəfə çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi (elektromobil) tədarük edib.