Azərbaycanda avtomobil biznesi ilə məşğul olan şəxslər aktiv şəkildə Avropadan maşın gətirməyə başlayıblar.
Bu, ilk növbədə son aylar avronun məzənnəsinin zəifləməsi ilə bağlıdır.
Odur ki, avtomobil idxalçıları koronavirus (COVID-19) pandemiyasına görə, Azərbaycanla quru sərhədi bağlı olan qonşu Gürcüstana üz tutmaqdansa, birbaşa Avropadan nisbətən aşağı qiymətə maşın almağa üstünlük verirlər. Söhbət təbii ki, 2-ci əl avtomobillərdən gedir.
Belə avtomobil idxalçılarından biri olan Teymuraz Nəbiyev deyir ki, indi Avropadan maşın gətirmək ABŞ-dan idxalla müqayisədə də ucuz başa gəlir: “Biz əvvəllər mühərriki 2 000 kubsantimetrə qədər olan avtomobilləri ABŞ-dan gətirirdik. Ötən ildən logisitikada problemlər meydana çıxdı, xərclər artdı. Odur ki, avtomobilləri yalnız Avropadan gətirməyə başladıq. Avronun ucuzlaşması da qiymətlərdə xeyli fərq yaradıb. Əvvəllər 1 avro 1,9-2 manata bərabər idi, indi isə 1,6-1,7 manatdır. Əsasən Almaniya, Belçika və Polşadan maşın gətiririk və bunun üçün Rusiya ərazisindən keçmirik”.
Sahibkarın sözlərinə görə, Avropadan maşın gətirməyin başqa üstünlükləri də var: “Avropada öz adamlarımız var. Onlar maşınları seçib, canlı görüb sonra alırlar. Bunun üçün elan saytlarına baxırıq, həmçinin oradakı avtosalonlarla əməkdaşlıq edirik. Pulu da əvvəldən göndərmirik. Gürcüstan bazarında isə vəziyyət fərqlidir. Maşının özünü görmürsən, onlayn alırsan. Maşın gəlməmiş pulun hamısını göndərirsən. Maşın gələndə səni nə sürpriz gözlədiyini də bilmirsən. Ona görə də indi Gürcüstandan demək olar ki, maşın alan yoxdur”.
T.Nəbiyev qeyd edib ki, Avropadan minik avtomobilləri gəmi və yaxud böyük yük avtomobilləri ilə gətirilir: “Elə adam var, 4-5 ədəd maşın daşıyanı var. Onlar ay ərzində iki dəfə maşın gətirirlər. Hər belə maşına 8 avtomobil yerləşir. Avropadan Azərbaycana 1 maşını gətirmək üçün 600-1000 avro yol xərci hesablanır. Bu, maşının hansı şəhərdə olmasından asılıdır. Elə olur ki, evakuatorla maşın daşıyanın yanına gətirilir. Onun da hər kilometrinə görə əlavə 2 manat hesablanır”.
“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev isə deyir ki, Avropa istehsalı olan avtomobillər alıcılar arasında populyar olsa da, Şərqi Asiya ölkələrinin avtomobillərinin də öz həvəskarları var: “Ümumiyyətlə tələb baxımından Almaniya, Yaponiya, Çin və Cənubi Koreya avtomobilləri öndə gedir. Bu həm 1-ci əl, həm də 2-ci əl avtomobillərə aiddir. Məsələn, alman avtomobillərinin istehsal ili köhnə olsa belə, gündəmdədir. Aşağı büdcəli avtomobil seçən şəxslər əsasən ekonom, ehtiyat hissələri ucuz olan və rahat tapılan avtomobillərə üstünlük verirlər. Orta təbəqədən olan insanlar əsasən krossoverlərə üz tutur. Biz bunu əsasən Çin maşınlarının alışında görürük. Yuxarı təbəqədən insanlar isə Almaniya, Yaponiya, bəzən isə Cənubi Koreya istehsalı olan avtomobilləri seçir”.