Azərbaycan qeyri-monetar qızıl alışının həcmini 2025-ci ilin ilk üç rübündə 38 478 kiloqram və ya 3 milyard 750.3 milyon ABŞ dollarına çatdırsa da, aylıq idxal həcmi bir il yarımın ən aşağı həddinə düşüb.
Banker.az xəbər verir ki, bu da keçən ilin eyni dövründəki göstəricidən miqdar baxımından 161 faiz, dəyər baxımından isə 205% artması deməkdir.
Bununla belə, idxalın sürəti son 18 ayın ən aşağı həddindədir. Ölkəyə bu adda məhsulun idxalı 2024-cü ilin aprelindən bu tərəfə intensivləşmişdi, lakin avqustda idxal sıfıra düşüb. Sentyabrda cüzi idxal həyata keçib. Göstərilən qrafikdə göründüyü kimi idxalın həcmi ötən ilin aprelindən bu tərəfə 2 tonun üzərində idi.
Bu qızılın dünyada kəskin bahalaşması fonunda baş verir. Belə ki, keçən ilin əvvəlindən geosiyasi risklər və əsas ölkələrin mərkəzi banklarının faiz endirimləri qızılın cəlbediciliyini artırıb. Üstəlik ehtiyat limanı sayılan bu sarı metalı bir sıra ölkələrin mərkəzi bankları da aktiv alıblar. Ümumdünya Qızıl Şurasının (World Gold Council, WGC) məlumatına görə, 2025-ci ilin sentyabr ayında dünya üzrə mərkəzi banklar ümumilikdə təxminən 39 ton qızıl alıblar.
Sentyabr ayında ən aktiv alıcılar Braziliya (+15 ton), Rusiya (+3 ton), Qvatemala (+6 ton) və Qazaxıstan (+8 ton) mərkəzi bankları olub. Bundan əlavə, Türkiyə, Çin, Çexiya və Qana da öz ehtiyatlarını 1–2 ton artırıblar.
WGC-nin məlumatına əsasən, Özbəkistan sentyabr ayında qızıl satan yeganə ölkə olub — satış həcmi 4 ton təşkil edib.
Ümumilikdə, qlobal səviyyədə sentyabr ayında xalis qızıl alışı 200 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7% azdır.
2025-ci ildə ən iri xalis qızıl alıcısı Polşa Milli Bankı olub — 67 ton. Digər iri alıcılar arasında Qazaxıstan Milli Bankı (40 ton) və Azərbaycan Mərkəzi Bankı (38 ton) da yer alıb.
Azərbaycanın suveren fondu da bu ehtiyatı artırmaqda davam edir. Dövlət Neft Fondu bu ilin 9 ayı ərzində 38 tondan çox qızıl alıb. Belə ki, 1 yanvar 2025-ci il tarixinə Fondun qızıl ehtiyatı 146.6 ton təşkil etdiyi halda oktyabr ayının 1-nə bu rəqəm 184.8 tona qədər yüksəlib. Başqa sözlə, ARDNF qızıl ehtiyatını son 9 ayda 38.2 ton artırıb.
Beləliklə, 2024-cü ilin fevralında hər unsiya üçün 2 200 dollar olan qızılın spot qiyməti birjada 2025-ci ilin oktyabrında 4350 dolların üzərinə qədər iki dəfəyə yaxın bahalaşma yaşayıb.
Bu arada, keçən ay Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib ki, onlar da qızılın qiymətini “qeyri-müəyyənliklər” səbəbindən bahalaşmaqa davam edəcək. Onun sözlərinə görə bazarda son 2%-3% azalma kimi volotilliyin ola biləcəyini, bununla belə növbəti ilə də proqnozun artımla davam edəcəyini qeyd edib.
Azərbaycanın 2025-ci ilin ilk üç rübündə qızıl idxalı |
||
| Ölkələr | Miqdar, kq | Dəyər, min dollar |
| Rusiya | 6,783.7 | 656,760.5 |
| Böyük Britaniya | 4,860.9 | 481,268.4 |
| ABŞ | 4,453.2 | 458,836.4 |
| Avstraliya | 4,120.8 | 368,159.1 |
| Meksika | 2,557.6 | 233,513.8 |
| Qazaxıstan | 2,556.8 | 262,172.9 |
| CAR | 2,526.6 | 267,467.7 |
| İsveçrə | 1,470.0 | 145,035.5 |
| Kanada | 1,398.9 | 132,316.3 |
| Özbəkistan | 1,226.9 | 124,914.7 |
| Çin | 1,186.2 | 109,542.7 |
| Türkiyə | 1,134.9 | 99,276.3 |
| Almaniya | 1,062.5 | 95,859.2 |
| Braziliya | 1,021.5 | 95,318.8 |
| İspaniya | 692.2 | 73,156.1 |
| Qırğızıstan | 417.4 | 44,617.8 |
| İtaliya | 296.5 | 31,249.3 |
| Filippin | 278.6 | 28,344.7 |
| Honkonq* | 184.3 | 16,723.1 |
| Yaponiya | 149.9 | 15,586.1 |
| Rumıniya | 48.1 | 4,960.6 |
| İsveç | 38.2 | 4,099.7 |
| Zimbabve | 12.2 | 1,133 |
| Cəmi | 38,477.7 | 3,750,313.2 |
*Çinin xüsusi inzibati rayonu








