Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev hesab edir ki, bank sektoru 2015-ci ildə yaranmış problemlərdən sonra bərpa olunub. Bu barədə Banker.az İnterfksa istinadən xəbər verir.
“2018-ci ilin 9 ayı ərzində ölkənin bank sektoru artım nümayiş etdirib ki, bu da onun 2015-ci ildə yaranmış problemlərdən sonra bərpa olunduğunu göstərir. Cari ilin üç rübü ərzində bank sektorunun aktivləri 4,6%, kredit portfeli 5%, əhalinin banklardakı əmanətləri 8,4% artıb, bank sektorunun kapitallaşmasında da artım olub”, – deyə o, bu gün Bakıda keçirilən III Beynəlxalq Bankçılıq Forumunda bildirib.
Sədrin sözlərinə görə, 2012-2017-ci illərdə banklar Azərbaycanın bank sektorunda maliyyə texnologiyalarının inkişafına 310 mln. manat yönəldib. “Bu, bankların qeyri-faiz xərclərinin 8%-ni təşkil edir. Bütovlükdə, bank sektorunun xalis mənfəətinin 25%-i maliyyə texnologiyalarının tətbiqinə yönəldilib”, – deyə Z.Nuriyev əlavə edib.
2015-ci ildə manatın iki dəfə devalvasiyası nəticəsində Azərbaycanın bank sektoru böhranla üzləşib. Bu, vaxtı keçmiş kreditlərin həcminin artmasına, onların restrukturlaşdırılmasının zəruriliyinə, bank kreditləri və əhalinin əmanətləri üzrə dollarlaşma səviyyəsinin və zərərliliyin artmasına gətirib çıxarıb.