“Brexit” həqiqətən də Avropa üçün gərgin məsələdir. Britaniyanın bölgələrində və Londonda “Brexit”lə bağlı ab-hava fərqlidir. London hazırda “Brexit”lə bağlı təşvişdədir”.
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadə ONA-nın London müxbirinin “Brexit”lə bağlı sualını cavablandırarkən belə deyib.
“Ölkədəki analitiklərin əksəriyyəti düşünür ki, Devid Kemeron hökuməti referendum və “Brexit”lə bağlı bu nəticəni gözləmirdi. Mən düşünürəm ki, hazırda regionlar və Londonun rəyi ayrıdır. London təşvişdədir. Ölkənin regionlarına, o cümlədən Liverpul, Nyukasl kimi şəhərlərə baxsanız görərsiniz ki, orada çox ciddi şəkildə “Brexit”i dəstəkləyən yürüşlər keçirilir. Ancaq bir şey məlumdur ki, artıq “Brexit” sözü Britaniyanın faciəvi bir zarafatına çevrilib. Sən getməyə söz verirsən, ancaq sonda getmirsən”, – deyə T.Tağızadə bildirib.
“Brexit” mövzusunun Azərbaycana heç bir təsiri olmadığını bildirən səfir Azərbaycan və Böyük Britaniya arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlığın istər iqtisadi, istər təhlükəsizlik, istərsə də siyasi sahədə davam etdiyini bildirib: “İki ölkə arasında iqtisadi maraqların birliyi, siyasi və ideoloji prinsiplərin oxşarlığı mövcuddur. “Brexit” olsa da, olmasa da Azərbaycan üçün əsas prioritet təşkil edən məsələ bu əlaqələrin davamıdır”.