Azərbaycan qızılının yeganə alıcısı İsveçrə bu ilin ilk yeddi ayında 2 195.84 kiloqramlıq qızıl sikkəsi alıb.
Banker.az xəbər verir ki, keçən illə müqayisədə ixrac həcmi 42% artmış olub.
Bununla belə, ixracın böyük fərqlə artmasına rəğmən, onun dəyəri illik cəmi 3% artım göstərərək 74.5 milyon dollar olub.
Cari ildə dünyada ABŞ mərkəzi bankının son on illərin ən yüksək zirvəsinə çıxan faiz dərəcələri və eləcə də iqtisadi və geosiyasi risklərin yüksək olması ilə qızıl tarixi rekordlar yeniləyib. İlin əvvəlində qızılın bir unsiyası 2000 dollardan ucuz olsa da, hər ay üzrə ənənəvi artım mövqeyini qoruyub saxlayaraq 2500 dollara çatıb ki, bu da fiat valyuta ilə dollara qarşı tarixi maksimumdadır.
Maraqlıdır ki, qızıl bahalaşdığı vaxtda, Azərbaycanın ixracında bir tona düşən gəlir daha aşağıdır. Məsələn, keçən il Azərbaycan qızılın bir kiloqramını xaricə ortalama 46,474 dollara yaxın qiymətə satmışdısa, bu il həmin göstərici 33,934 dollara düşüb.
1 kiloqram qızıl təqribən 32.1507 troy unsiyaya bərabərdir. Bu zaman keçən il 1 445.5 dollar/unsiya olan qiymət bu il 1 055.5 dollara düşüb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2024-cü ilin ilk 8 ayında mədən şirkətləri bu il 1 476.4 kiloqram qızıl hasil etməklə keçənilki nəticəni 7% üstələyiblər.