Azərbaycanın 2024-cü il üzrə xaricə yod ixracı 2023-cü illə müqayisədə 14.7% azalaraq 231.15 tondan 197.04 tona düşüb. İxracdan əldə olunan gəlir isə 28.2% azalıb – 15.5 milyon dollardan 11.1 milyon dollara qədər geriləyib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ölkənin xaricə satdığı yodun bir tonu 2023-cü ildə 67 062 dollar olduğu halda, keçən il bu rəqəm 56 469 dollara düşüb və bu da illik 16 faiz azalmadır.
Çin yod idxalını 17.8% azaldaraq 90 tondan 74 tona endirib. Bu ölkəyə ixracdan əldə olunan gəlir isə 27.9% azalaraq 5.65 mln. dollardan 4.07 mln. dollara düşüb.
Rusiya 9.6% çox yod idxal etsə də (44.75 tondan 49.04 tona qədər), gəlirlər 26.1% azalıb. 2023-cü ildə bu ölkəyə satılan yodun ümumi ixrac dəyəri 4.04 mln. dollar olduğu halda, 2024-cü ildə 2.99 mln. dollara düşüb.
Hindistana ixrac 43.7% azalıb (96 tondan 54 tona düşüb), gəlirlər isə 48.6% azalma ilə 5778 min dollardan 2970 min dollara enib.
İtaliya 2024-cü ildə 20 ton yod üçün Azərbaycan şirkətinə 1.1 mln. dollar ödəyib.
Azərbaycan keçən il 208 ton yod istehsal edib və bu göstərici, demək olar ki, 2023-cü illə eynidir.
Qeyd edək ki, bu məhsul əsasən kristal və toz halında texniki yod ixrac edir. Məhsul əczaçılıq, kimya sənayesi, kənd təsərrüfatı və fotoqrafiya kimi sahələrdə istifadə edilir.