2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın dəniz limanlarında yükləmə və boşaltma işlərinin həcmi 3 482 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artım deməkdir.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən böyük pay 2 880,9 min tonla tranzit yüklərin payına düşüb və bu, əvvəlki ilə nisbətən 7,6 faiz artıb. İxrac yükləri 62,6 min ton təşkil edərək 5,4 faiz artıb, lakin idxal yükləri 485,6 min tona düşüb, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz azalma deməkdir.
Kabotaj yükləri isə ötən il qeydə alınmadığı halda, bu il 25,2 min ton olub. Dəniz nəqliyyatı ilə əlaqəsi olmayan yüklərin həcmi isə 28,2 min ton təşkil edib və bu sahədə 30,2 faiz azalma baş verib.
Limanlarda yüklərin qalığı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz azalaraq 178 min tona düşüb. Qalıq yüklərin əsas hissəsi – 163,8 min tonu tranzit yüklərin payına düşür və bu da 2024-cü illə müqayisədə 3,1 faiz azalma deməkdir. İxrac üçün limanlarda qalan yüklər isə 14,2 min ton olub və bu göstərici 49,8 faiz azalıb.
Hesabat dövründə ölkəyə ümumilikdə 485,6 min ton idxal yükü gətirilib ki, bu da ötən illə müqayisədə 4,4 faiz azdır. Bu yüklərin 378,9 min tonu Azərbaycana məxsus gəmilərlə daşınıb və bu sahədə 12,8 faiz azalma müşahidə olunub. Eyni zamanda, xarici gəmilərlə gətirilən idxal yükləri 106,7 min tona çataraq 45,6 faiz artıb.
İxrac yüklərinin göndərilməsi isə kəskin artım göstərib. 2024-cü ilin ilk rübündə 52,5 min ton ixrac yükü daşınmışdısa, bu il bu göstərici 84,3 min tona yüksəlib – artım 60,6 faiz təşkil edib. Xarici dövlətlərə məxsus gəmilərlə göndərilən yüklərin həcmi 13,5 min tondan 55,3 min tona qədər artaraq dörd dəfədən çox artım göstərib. Əvəzində, Azərbaycana məxsus gəmilərlə ixrac olunan yüklər 29 min tona enib, bu da 25,6 faiz azalma deməkdir.
Ümumilikdə, 2025-ci ilin ilk üç ayında limanlarda xidmət göstərilən gəmilərin sayı 1 325 olub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz artım anlamına gəlir.