14 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanın da iştirak etdiyi layihənin dəyəri $5,36 milyardı ötüb

TANAP boru kəməri layihəsi üzrə bu vaxtadək imzalanan müqavilələrin dəyəri 5 milyard 368 milyon dollara çatıb.

Türkiyə KİV-lərinə istinadən, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. O qeyd edib ki, layihə çərçivəsində 108 milyon nəfər/saatdan çox iş görülüb.

“84 milyon dollarlıq büdcə isə sosial və ekoloji sərmayə proqramına ayrılıb. Təxminən 1000-dək layihəyə dəstək göstərilib”, – deyə S.Düzyol bildirib.

Xatırladaq ki, keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib.

Ötən il iyunun 30-dan bu il fevralın 28-dək TANAP-la ümumilikdə 1 milyard 250 milyon kubmetr təbii qaz Türkiyəyə çatdırılıb. İyunun sonunadək bu həcm 2 milyard kubmetr, 2019-cu ilin axırına kimi isə 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası (Faza-1) üzrə tikinti işlərinin 99 faizi başa çatıb və aprelin 15-dən sınaqlara başlanacaq. Bu hissənin iyulun 1-dən Avropaya qaz nəqli üçün hazır olacağı gözlənilir. Boru kəməri bu il “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər