Azərbaycanın “MilliKart” prosessinq mərkəzi iki beynəlxalq sistemdən – Visa və MasterCard-dan təmassız ödəmə kartları buraxacaq. Bu barədə “MilliKart” prosessinq mərkəzinin icraçı direktoru Cəlal Orucov bildirib.
Onun sözlərinə görə, ödəmə kartlarının buraxılışı bu il payızın sonlarınadək planlaşdırılır: “Buraxılışın dəqiq tarixi hələlik məlum deyil, çünki bizdən asılı olmayan bir sıra məsələlər var. Lakin ümid edirik ki, bu, payızın sonlarınadək mümkün olacaq”.
Azərbaycanın digər prosessinq mərkəzi “Azericard” isə yayın əvvəlində elan etmişdi ki, Visa PayWave və MasterCard PayPass təmassız kartlarının emissiyasına və ekvayrinqinə tam hazırdır.
Bir müddət əvvəl mərkəzdən bildiriblər ki, kartların emissiyası ilin sonuna gözlənilir və bu məhsullar ölkənin bir çox banklarında ortaya çıxacaq.
Visa International və MasterCard beynəlxalq ödəmə sistemlərinin təmassız ödəniş texnologiyası POS-terminallar vasitəsilə alış-verişə və xidmətlərə görə dərhal ödəməni həyata keçirməyə icazə verir. PayWave və PayPass kartlarının sahiblərinin kartı təmassız ödənişlərin qəbulu texnologiyası ilə təchiz edilmiş POS-terminala yaxınlaşdırması kifayətdir.
Kartların emissiyası və onların qəbulu üçün POS-terminalların quraşdırılması ilə banklar məşğul olacaqlar. Kartlar istisnasız olaraq xırda ödənişlər (fast-fudda, restoranlarda, mağazalarda ödəniş) üçün istifadə edilə bilər. Kartda pul vəsaitlərinin limiti banklar tərəfindən müəyyən ediləcək. Böyük ödənişlərin həyata keçirilməsi üçün adi standart avtorizasiya lazımdır.
Alış-verişin PayWave və PayPass kartları ilə ödənişi həm ölkə daxilində, həm də onun hüdudlarından kənardakı ticarət nöqtələrində mümkün olacaq.
Hazırda təmassız ödənişlərin qəbulu texnologiyası ilə təchiz edilmiş POS-terminallar paytaxtın bir sıra ticarət obyektlərində quraşdırılıb. Təmassız ödənişləri qəbul edən terminalların üzərində Visa PayWave və MasterCard PayPas loqotipləri qeyd edilib.
Trend.az