Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF)təhlükəsiz aktivi olan qızılın həcmi açıqlanıb.
Banker.az xəbər verir ki, 1 aprel 2022-ci il tarixinə olan məlumata görə, ARDNF-in qızıllarının həcmi 101.8 ton təşkil edib.
Azərbaycanın suveren fondunun həmin tarix üçün hesablamasına görə, fondun qızılının ümumi qiyməti 6 mlrd. 287.4 mln. ABŞ dolları təşkil edib.
1 ton= 35 274 unsiya: hazırda bir unsiya 1975 ABŞ dollarıdır.
Qeyd edək ki, Dövlət Neft Fondu pandemiyanın ayaq basdığı 2020-ci ilin birinci yarısında 17 min 916 troya unsiya qızıl almışdı (təxminən 557 kq).
Bununla da fondun portfeli 101.801 tona çatdırılmışdı.
Fond 6 ay öncə aktivlərinin həcmini açıqlayarkən bildrimişdi ki, 101.8 ton həcmində olan qızıl investisiya portfelinin 12.8%-ni formalaşdırır ki, bu da 5 milyard 665.8 milyon ABŞ dolları demək idi. Söhbət 1 oktyabr 2021-ci il tarixindən gedir.
O vaxtdan bu tərəfə qızıl əməlli bir ralli yaşayıb. Pandemiyadan ayıla bilməyən iqtisadiyyatlar yeni enerji qiymətlərinin bahalaşmasından əziyyət çəkir. Bu da inflyasiyaları yüksəltdiyi üçün və gələcəyin qeyri-müəyyənliyi fonunda bir çox investorları risksiz yatırım olan qızıla ehtiyacını artırır ki, bu da nəticədə qızılın bir unsiyiyasının 1 800 -2 000 dollar diapazonunda ticarət olunmasına gətirib çıxarıb. Bu da bildirilməlidir ki, hazırda qızılın bahalaşması psixoloji faktordan yaranıb. Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə yenidən 1000 dollar/unsiya səviyyəsindən aşağı da düşə bilər, Lakin bunun əksi üçün də böyük fundamental faktorlar qalmaqdadır.
ARDNF isə son 6 ayda qızılın bahalaşması səbəbindən 621.6 mln. dollar qazanıb. Yaxud ehtiyatların artımına 11% dəstək olub.
ARDNF 2012-ci ilin əvvəlindən qızıl alışına başlayıb. 2012-2013-cü illərdə fond tərəfindən 30 174.89 kq (970 145.51 unsiya) qızıl alınıb. 2014-2017-ci illərdə isə qızıl alınmayıb. 2018-ci ildə ARDNF qızılın alışını bərpa edib və ötən il ərzində 20 min 778 kq (668.041 min troya unsiyası) qızıl alıb. 2019-cu ildə fond tərəfindən 50.2 tondan çox qızıl alınıb.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.