BANKER.AZ — Azərbaycanın duru yağ sənayesi son illərin ən zəif nəticələrini göstərir, yerli idxalçı şirkətlər isə Rusiya və Türkiyə istehsalı olan hazır məhsulu üstün tutur.
Banker.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin hesabatları göstərir.
DSK-ya görə, 2023-cü ildə ölkə ərazisində əhalinin qida səbətində mühüm paya sahib olan qarğıdalı yağının həcmi cəmi 9.33 min ton olub. Bu da illik müqayisədə 25% azalma deməkdir. Ölkənin qarğıdalı yağı istehsal edən müəssisələrində bu eniş artıq 2020-ci ildən başlayıb. Məsələn, həmin il ərzində tarixi maksimum olan 13.82 min tonluq qarğıdalı yağı istehsal edilmişdi. Bu rəqəm həmin ildən sonra hər il azalıb.
Bu göstəricilər ölkənin idxal göstəricilərində də aydın görünür. İstehsalçılar keçən ilin 11 ayı ərzində xaricdən 4.4 min tonluq ($6.6 mln.) xam qarğıdalı yağı sifariş ediblər, hansı ki, ölkə sənayesinin istehsalının da əsas mənbəsi məhz idxal olunan bu xam maldır. Beləliklə, xam qarğıdalı yağının istehsal həcmi illik müqayisədə 55% kəskin azalma nümayiş etdirib. 2022-ci ilin analoji dövründə bu rəqəm 9.88 min ton ($16.96 mln.) təşkil etmişdi.
Əvəzində isə ölkə əhalisi daha çox hazır məhsullara üstünlük verir. Məsələn, 2023-cü ilin ilk 11 ayı ərzində Azərbaycanın idxalçı şirkətləri xaricdən 8.66 min tonluq ($14.38 mln.) hazır formada qarğıdalı yağı alıblar. Bu da illik müqayisədə 2.6 dəfə artım deməkdir. Hazır məhsulun 6.47 min tonu ($9.66 mln.) Rusiyadan və 2.05 min tonu Türkiyədən ($4.33 mln.) idxal edilib.
İdxalçıları bu ölkədən məhsul almağa sövq edən əsas amil xərclərin öncəki illərdən daha aşağı olması və hər iki ölkənin yerli valyutalarının ABŞ dollarına qarşı son illərdə dəyər itirməsidir. Qeyd edilən məsələlər fonunda yerli valyutanın sabit qalması idxal məhsullarını daha cəlbedici edir.
İdxal qiymətləri də öncəki ildən daha ucuzdur. Misal olaraq, ölkəyə idxal olunan xam qarğıdalı yağının 2022-ci ildə bir tonu 171.6 dollar olduğu halda, bu rəqəm 2023-cü ildə 13% ucuzlaşaraq 150.1 dollara düşüb. Eyni ilə hazır məhsullarda da göstərici oxşar şəkildədir. Hazır məhsul kimi idxal edilən qarğıdalı yağının bir tonu 239.1 dollardan 31 faiz 166 dollara düşüb.
Ölkədə zavodların günəbaxan yağının istehsalı 2023-cü ildə 27.41 min ton olmaqla 2022-ci ildən 16 faiz daha zəif nəticə göstərib. DSK-nın statistikasına istinad etsək, bu, son 7 ilin ən aşağı göstəricisidir. Əvəzində isə idxal yüksəlməkdədir. Ölkəyə ilin ilk 11 ayında 33.05 min tonluq ($29.25 mln.) xam şəkildə, 18.33 min ton ($20.37 mln.) hazır məhsul kimi günəbaxan yağı idxal edilib. Bu, müvafiq olaraq 22% və 97% artım dinamikasıdır.