21 C
Baku
Monday, October 6, 2025

Azərbaycanın elektrik naqilləri üçün yeni müştərilər çıxıb

Azərbaycanın yüksək gərginlikli elektrik naqillərinin ixracı 2025-ci ilin ilk 7 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artım göstərib.

Banker.az xəbər verir ki, 2025-ci ilin yanvar–iyul aylarında 1000 voltdan çox gərginlik üçün elektrik naqillərinin ixrac həcmi 2 302.55 ton təşkil edib və ümumi dəyəri 9 milyon 800.55 min dollar olub. 2024-cü ilin müvafiq dövründə bu göstəricilər müvafiq olaraq 1 milyon 408.84 ton və 5 264.2 min dollar idi. Beləliklə, ixrac həcmi 63.4%, dəyəri isə 86.2% artıb.

Orta ixrac qiyməti də yüksəlib. 2024-cü ilin ilk 7 ayında hər ton üçün orta qiymət 3 737 dollar olduğu halda, 2025-ci ildə bu göstərici 4 257 dollar olub. Bu isə 13.9%-lik qiymət artımı deməkdir.

Ölkələr üzrə təhlil göstərir ki, ixracın əsas hissəsi Ukrayna və Gürcüstan istiqamətinə yönəlib. 2025-ci ilin ilk 7 ayında Ukraynaya 813.69 ton naqil ixrac edilib, dəyəri 3 milyon 910.31 min dollar olub. Ötən ilin eyni dövründə bu göstərici 557.07 ton və 2 milyon 415.78 min dollar idi. Beləliklə, Ukraynaya ixrac həcmi 46%, dəyəri isə 61.8% artıb, orta qiymət 4 337 dollardan 4 805 dollara qalxıb.

Gürcüstan istiqamətində də artım müşahidə olunur. 2025-ci ilin ilk 7 ayında bu ölkəyə 898.37 ton elektrik naqili göndərilib (2 milyon 885.42 min dollar), 2024-cü ildə isə 798.41 ton (2 milyon 574.7 min dollar) ixrac olunmuşdu. Beləliklə, həcm 12.5%, dəyər 12.1% artıb, orta qiymət isə 3 225 dollardan 3 211 dollara yaxın səviyyədə sabit qalıb.

2025-ci ildə ixrac bazarına yeni ölkələr də daxil olub. Rumıniyaya 246.98 ton (1 milyon 446.18 min dollar), Fələstinə 296.76 ton (1 milyon 369.85 min dollar), Çinə 6.38 ton (36.33 min dollar), Türkiyəyə 5.54 ton (26.59 min dollar) və Danimarkaya 1.55 ton (15 min dollar) həcmində satışlar həyata keçirilib. 2024-cü ilin eyni dövründə bu istiqamətlərdə ixrac qeydə alınmamışdı.

Tacikistana göndərilən məhsulun həcmi də artıb — 2025-ci ilin ilk 7 ayında 33.27 ton (110.86 min dollar), 2024-cü ildə isə 15.91 ton (48.05 min dollar) ixrac olunmuşdu. Həcm 109%, dəyər 131% artıb.

Bununla belə, 2024-cü ildə ixrac edilən, lakin 2025-ci ildə siyahıda görünməyən bəzi ölkələr var — Moldova, Albaniya, Rusiya, Qazaxıstan, Polşa, Böyük Britaniya və BƏƏ istiqamətlərinə 2025-ci ilin ilk 7 ayında satış qeydə alınmayıb.

Son xəbərlər
Digər xəbərlər