2025-ci ilin ilk 7 ayında Azərbaycanın sement klinkeri ixracı 509,5 min ton təşkil edib. Bu, 2024-cü ilin eyni dövründəki 398 min tonla müqayisədə 28% artım deməkdir.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, dəyər baxımından isə ixrac 24,26 milyon dollardan 32,22 milyon dollara yüksəlib və 32,8% artım qeydə alınıb.
2024-cü ildə hər ton sement klinkeri təxminən 61 dollar olub. 2025-ci ildə isə orta qiymət 63,2 dollara qədər artaraq 3,5%-lik yüksəliş göstərib.
Qeyd edək ki, Azərbaycanın sement klinkeri ixracının tam həcmi Gürcüstana yönəlib.
Sement klinkeri sement istehsalının əsas yarımfabrikatıdır. O, əhəngdaşı, gil və digər xammalların yüksək temperaturda (təxminən 1450°C-də) qızdırılması nəticəsində əldə olunan bərk, daşabənzər materialdır. Daha sonra bu klinker üyüdülərək üzərinə gips və digər əlavələr qatılmaqla sement istehsal edilir.