Azərbaycan Gürcüstanla birlikdə gömrük nəzarətinin həyata keçirilməsi üçün yeni dövlət sərhədindən buraxılış məntəqələri inşa edəcək.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, yeni dövlət sərhədindən buraxılış məntəqələrinin tikintisi ilə bağlı təkliflər hazırlanmalı, maliyyə və smeta xərcləri müəyyənləşdirilməli, layihələndirilmə işləri aparılmalıdır. Nəticədə tranzit daşımalar zamanı alternativ keçid imkanı yaradılacaq.
Bundan başqa, Fəaliyyət Planına əsasən, Azərbaycan ərazisindən keçən tranzit dəhlizlərin rəqabətqabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarını cəlb etmək üçün mövcud nəqliyyat xidmətləri və infrastrukturunun yaxşılaşdırılması ilə yanaşı, yeni infrastrukturun yaradılmasına, eləcə də tranzit daşımalar zamanı sərhəd keçid prosedurlarının müddətinin minimuma endirilməsi və buraxılış qabiliyyətinin artırılmasına zərurət var.
“Qırmızı Körpü” və “Mazımqara” dövlət sərhədindən buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, eləcə də sərhəd və gömrük nəzarətinin effektiv şəkildə aparılmasının təmin edilməsi istiqamətində infrastrukturun təkmilləşdirilməsi, “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqələrinin yaxınlığında yerləşən mövcud terminalların infrastrukturu təmiri, bərpası və gömrük postunun yaxınlığında yeni gömrük terminalların (ticarətin asanlaşdırılması mərkəzlərinin) inşa edilməsi nəzərdə tutulur.