2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 744,2 mln. dollar təşkil edib.
APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, cari ilin 11 ayı ərzində Azərbaycan Gürcüstandan 221 mln. 813,6 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın qonşu ölkəyə ixracı isə 522 mln. 483 min dollar dəyərində olub.
Gürcüstanın xarici ticarət dövriyyəsində Azərbaycanın payı 7,8% təşkil edib.
Hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 9 mlrd. 563,8 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 12,9% çoxdur. Ölkənin ixracı 27% artaraq 2 mlrd. 439,7 mln. dollar, idxal isə 8,8% artaraq 7 mlrd. 124,1 mln. dollar təşkil edib.
2017-ci ili 11 ayı ərzində Gürcüstanın ən çox ixrac etdiyi məhsullar arasında mis filizi və konsentratlar (ümumi ixracın 15,5%-i) birinci yeri tutub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq ferroərintilər (11,7%) və minik avtomobilləridir (8,1%).
Gürcüstanın ən çox idxal etdiyi məhsulların ilk üçlüyündə isə neft və neft yağları (ümumi idxalın 8,7%-i), minik avtomobilləri (5,8%) və əczaçılıq məhsulları (4,4%) yer alıb.