25 C
Baku
Thursday, June 19, 2025

Azərbaycanın iqtisadi inkişaf tarixini araşdıran alim

25 İyun 2025-ci il tarixində görkəmli iqtisadçı alimlərdən biri – iqtisad elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasınln (AMEA)  həqiqi üzvü, Milli Məclisin deputatı, ictimai-siyasi xadim Ziyad Əliabbas oğlu Səmədzadənin 85 yaşı tamam olur. Dəyərli alimimizi bu münasibətlə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, elmi yaradıcılığında və ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Tanınmış elm xadimi Ziyad Səmədzadə genişmiqyaslı araşdırmaları ilə müasir iqtisad elminin, eləcə də Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinin öyrənilməsinə sanballı töhfələr vermişdir.

Onun “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyi Azərbaycanın iqtisadi inkişaf tarixini araşdırmaq, təhlil etmək, nailiyyətlərimizi gələcək nəsillərə çatdırmaq baxımdan fundamental, dəyərli mənbədir.

2 ci bu

Kitabın müəllifi, akademik Ziyad Səmədzadə çıxışlarından birində billdirib ki, beşcildliyin ərsəyə gəlməsinə əsas səbəb Ulu Öndərimiz Heydər Əliyevin 1997-ci il yanvarın 17-də AMEA-nın akademikləri və müxbir üzvləri ilə görüşündə XX əsrdə və müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı səsləndiyi fikirlər, təklif və tövsiyələr olub.

Ulu Öndər Heydər Əliyevin 1997-ci il yanvarın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri və müxbir üzvləri ilə görüşündə çıxışından:

“Mən bunu bir neçə dəfə demişəm. Ancaq təəssüflər olsun ki, mənim bu təklifim müqabilində Elmlər Akademiyası tərəfindən konkret bir təklif almamışam. Mən bir-iki dəfə demişəm ki, Azərbaycanın XX əsr tarixi yazılmalıdır”.

Ulu Öndərin 2001-ci ildə dövlət müstəqilliyimizin bərpasının 10 illiyinə həsr olunmuş mərasimdə çıxışından:

“…Biz indi nə qədər çətinliklərlə, məhrumiyyətlərlə rastlaşsaq da, özümüzü xoşbəxt hesab etməliyik. Xalqımızı xoşbəxt hesab etməliyik ki, biz artıq on ildir müstəqil dövlət kimi yaşayırıq. Artıq bunu dəyişmək, bunu sarsıtmaq mümkün deyildir. Ona görə də bizim bu on illik tariximiz yazılmalıdır. Çünki zaman gələcək, Azərbaycan müstəqil bir dövlət kimi daha da möhkəmlənəcək, iqtisadi cəhətdən inkişaf edəcək, Azərbaycan möhkəm və qüdrətli bir dövlət olacaqdır. Ancaq gələcək nəsillər də gərək bunu unutmasınlar”.

“Heydər Əliyevin istəyinin yerinə yetirilməsində iştirak etdiyimə görə özümü çox xoşbəxt hiss edirəm”

Akademik Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatının aktual problemlərinin elmi-əməli tədqiqi sahəsində yarım əsrdən çox bir dövrdə təcrübə toplamış bir tədqiqatçı olaraq, mən XX əsrdə inkişaf tarixinin yazılması kimi məsul bir tapşırığın yerinə yetirilməsini öz üzərimə götürdüm. Ulu Öndər Heydər Əliyevin XX əsrin başa çatması ilə əlaqədar Azərbaycan xalqına tarixi müraciəti, ötən əsrin 70- ci illərində respublika iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçilməsini şərtləndirən kompleks amillər, eləcə də Prezident İlham Əliyevin dövlətimizin iqtisadi təhlükəsizliyi, milli maraqlarının qorunması, iqtisadiyyatın strukturunun şaxələndirilməsi, tarazlı inkişafın, ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafla demoqrafik inkişaf arasında qarşılıqlı əlaqə və asılılığın təmin edilməsi barədə taleyüklü əhəmiyyət kəsb edən baxışları, tövsiyələri çoxcildlik üçün ən əsas metodoloji baza kimi müəyyənləşdirildi. Taleyimdən çox razıyam ki, uzun illər gərgin əməyimin, müşahidələrimin, elmi araşdırmalarımın nəticəsi olaraq “Azərbaycan iqtisadiyyatı 100 ildə” 5 cildliyini başa çatdırmış, əbədiyaşar Heydər Əliyevin yuxarıda qeyd edilən istəyinin yerinə yetirilməsində iştirak etdiyimə görə özümü çox xoşbəxt hiss edirəm”.

Azərbaycanın iqtisadi inkişaf tarixinin araşdırılmasında əhatəli və səmərəli iş

UNEC-in rektoru, professor Ədalət Muradov:  “Bu kitab müəllifin uzunillik elmi-iqtisadi araşdırmalarının və yaradıcılığının növbəti bəhrəsidir və burada Azərbaycan iqtisadiyyatının son 100 ildə keçdiyi yol elmi cəhətdən geniş təhlil edilir. Azərbaycan iqtisadiyyatının yüz illik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilib. Müəllif Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri barədə informasiyaları, müqayisələri həm də cədvəllər və qrafiklər əsasında oxucuya çatdırır. Beşcildlikdə zəngin arxiv materialları əsasında 400-dən artıq cədvəl və qrafik yer alıb. Bütövlükdə isə nəşrdə 1000-dən artıq mənbəyə istinad olunub. Kitabın hər bir cildi ilə tanışlıq göstərir ki, Ziyad Səmədzadə Azərbaycanın iqtisadi inkişaf tarixinin araşdırılması işindəki boşluğu doldurmaq üçün olduqca əhatəli və səmərəli iş aparıb”.

3cu

Akademik Arif Həşimov: “Azərbaycan iqtisadiyyatı 100 ildə”  5 cildliyi təkcə iqtisadçılar üçün deyil, Azərbaycanın bütün elm sahələrini əhatə edən məlumatlarla zəngin bir mənbədir. Müəllif oxucunun son 100 ildə Azərbaycanın sosial-iqtisadi inkişafı haqqında maksimum həcmli və obyektiv informasiya ala bilməsinə, bu və ya digər dərəcədə inkişafın parametrlərini və strukturunu müəyyən edən meyilləri və amilləri qiymətləndirmək imkanı əldə etməsinə çalışmışdır”.

Professor Eldar İbrahimov: “Bu beşcildlikdə Azərbaycan iqtisadiyyatının bütün sahələri, o cümlədən kənd təsərrüfatının keçdiyi böyük inkişaf yolu mərhələ-mərhələ təhlil edilmiş, aqrar sahənin inkişafında baş verən mühüm dəyişikliklər, aktual problemlər, onların həlli yolları nəzərə çatdırılmışdır. Nəşrin I və II cildləri Azərbaycan iqtisadiyyatının müstəqilliyə qədər olan dövrdə inkişaf məsələlərinə həsr edilmişdir. Azərbaycan iqtisadiyyatının 100 il ərzində inkişaf tarixi, xüsusilə də son 30 illik təcrübəsi onu göstərir ki, yalnız müstəqil dövlət, onun güclü lideri, yaratdığı təkmil iqtisadi-siyasi sistemi ölkənin dinamik inkişafının, sabitliyinin əsaslarını möhkəmləndirir, qloballaşmanın mənfi təsirlərinin qarşısını almaq imkanına malik olur. Azərbaycan dövləti son 30 ildə dəhşətli fırtınalardan uğurla çıxdı, düşünülmüş siyasət nəticəsində dünyada nüfuz qazandı, heç kimə boyun əymədi, özünün ərazi bütövlüyünü təmin etmək üçün güclü iqtisadiyyat, güclü ordu, güclü xalq-iqtidar birliyi yaratdı. Nəşrin üçüncü və dördüncü cildlərində Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 1993-2003-cü illər respublika iqtisadiyyatında əldə olunan dinamik inkişaf prosesləri konkret istiqamətlər üzrə araşdırılır (neft strategiyası, “Əsrin müqaviləsi”nin reallaşması, Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlığının genişləndirilməsi, özəl sektorun, sahibkarlığın, investisiya mühitinin formalaşması, regional iqtisadiyyat, hüquqi-iqtisadi qanunvericilik bazasının yaradılması, maliyyə-büdcə, pul-kredit, sənaye siyasəti, aqrar islahatlar və s.), davamlı iqtisadi-sosial inkişafın fundamental əsaslarının yaradılması məsələlərindən bəhs edilir. Beşcildliyin “Qarabağ iqtisadiyyatı 100 ildə” adlanan sonuncu cildində isə respublikamızın bu bölgəsində kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, o cümlədən üzümçülük, ipəkçilik, tütünçülük, pambıqçılıq, taxılçılıq, eləcə də maldarlığın inkişaf yolu statistik göstəricilər əsasında təhlil edilmiş, gələcəkdə işğaldan azad olunmuş torpaqlarda coğrafi iqlim şəraiti baxımından kənd təsərrüfatının bir çox sahələrinin inkişaf istiqamətləri proqnozlaşdırılmışdır.

Professor Qorxmaz İmanov: “Çoxcildlikdə müəllifin respublikanın inkişafının sosial-iqtisadi proseslərinin, inkişaf amilləri və mənbələrinin təkcə iqtisadçı-tədqiqatçı kimi deyil, həm də uzun illər dövlət və qanunvericilik sahəsində məsul vəzifələrdə çalışarkən bir çox mühüm hadisələrin şahidi olmuş, respublikanın ictimai, sosial-iqtisadi həyatının köklü problemlərinin araşdırılmasında iştirak edən insan kimi təhlil edildiyini diqqətə çatdırmışdır. Bu kitab Azərbaycan iqtisadiyyatının öyrənilməsi, araşdırılması və tədqiq edilməsi işinə böyük töhfədir”.

Professor Məhiş Əhmədov: “Respublikamızın ictimaiyyəti akademik Ziyad Səmədzadəni böyük alim və praktik iqtisadçı, bacarıqlı təşkilatçı, qabaqcıl dünya təcrübəsinə və milli reallıqlara əsaslanan, müasir, mütərəqqi iqtisadi ideyaların daşıyıcısı və fəal tədqiqatçısı kimi tanıyır. Onun milli iqtisadiyyatın inkişafı, səmərəliliyi, strukturu, təhlükəsizliyi, təkrar istehsalın sürət və proporsiyaları, məşğulluq, demoqrafik proseslərə həsr olunmuş fundamental tədqiqatları, monoqrafiyaları iqtisad elmində xüsusi yer tutur. Akademik Z.Səmədzadənin elmi tədqiqatları respublikamızın iqtisadi və sosial inkişafı ilə bağlı nəzəri və praktiki problemlərin işlənməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Ziyad müəllimin təqdim etdiyi “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyində milli iqtisadiyyatımızın 100 ildə keçdiyi çətin, ziddiyyətli, sınaqlarla dolu olan yolu təhlil edilir, həmçinin Azərbaycan iqtisadiyyatı qlobal, ümumdünya miqyaslı iqtisadi inkişaf kontekstində tədqiq olunur”.

 

Son xəbərlər
Digər xəbərlər