12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın iri bankı kreditlər üzrə faiz dərəcələrini azaltmağa hazırlaşır

Azərbaycan Beynəlxalq Bankı (ABB) kreditlər üzrə faiz dərəcələrini azaltmaq imkanlarını nəzərdən keçirir. Bu barədə çərşənbə günü jurnalistlərə ABB-nin baş direktoru Elmir Həbibullayev deyib.

Onun sözlərinə görə, əgər ABB əlavə daha ucuz resursları cəlb edə bilsə, kreditlər üzrə faiz dərəcələrini azaldacaq: “Bankımız müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan əlavə resurslar cəlb edir. İstənilən böhranın müsbət və mənfi tərəfləri var. Əgər vəziyyətdən istifadə etmək və ucuz resurslar cəlb etmək mümkün olsa, kreditlər üzrə faiz dərəcələrinə yenidən baxa biləcəyik”.

E.Həbibullayev əlavə edib ki, ABB son vaxtlar fiziki şəxslərə kredit verilməsi, eləcə də mənzil alışı üçün kreditlərin ayrılması istiqamətində fəal iş aparır: “Hesab edirik ki, Azərbaycan Beynəlxalq Bankı əhalinin mənzil almaq imkanlarını yaxşılaşdırmaq üçün xüsusi kredit proqramları tətbiq etməlidir”.

Bankın baş direktoru əlavə edib ki, bankın ipoteka kreditləşməsi ilə bağlı öz proqramı var: “Hazırda bank illik 10-12 faiz dərəcə ilə və 10 illik müddətinə ipoteka kreditləri təklif edir. Bankın ipoteka portfeli özünün daxili proqramı çərçivəsində 250 milyon manat təşkil edir”.

Gələcək planlara gəlincə, E.Həbibullayev vurğulayıb ki, ABB-nin strategiyası daxili bazara ekspansiya etməkdən ibarətdir, lakin bank onu digər banklar hesabına həyata keçirməyi planlaşdırır. Bankın planlarına filialların sayının 36-dan 70-dək artırılması daxildir.

Trend

Son xəbərlər
Digər xəbərlər