8 C
Baku
Friday, April 18, 2025

Azərbaycanın iri telekommunikasiya şirkəti 34 mln. manat mənfəət açıqladı – İşçiləri də böyüyür!

Azərbaycanın telekommunikasiya şirkətlərindən biri olan “Delta Telekom LTD” MMC 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.

Banker.az xəbər verir ki, şirkət hesabatını 2024-cü ilin dekabrında təsdiqləyib və bu ildən yayımlayıb.

Şirkətin satışdan əldə etdiyi gəlirlər 2022-ci illə müqayisədə 9% artaraq 89.7 milyon manata çatıb. Əməliyyat xərcləri isə 3.6% artımla 48.5 milyon manat təşkil edib.​

Nəticədə, “Delta Telekom”un xalis əməliyyat mənfəəti 16.1% artaraq 41.2 milyon manata, xalis mənfəəti isə 17.6% artımla 33.6 milyon manata çatıb.​

2023-cü ilin sonuna “Delta Telekom”un cəmi aktivləri 181.8 milyon manata yüksəlib ki, bu da əvvəlki illə müqayisədə 4.2% artım deməkdir (2022: 174.5 milyon manat). Artım əsasən pul vəsaitləri, debitor borcları və mal-material ehtiyatlarındakı yüksəlişlə əlaqəlidir.

Eyni zamanda, cari öhdəliklər 41.8 milyon manata çataraq 20.2% artım göstərib (2022: 34.8 milyon manat). Bu artım əsasən kreditor borclarının 5 milyon manatlıq yüksəlişi ilə bağlıdır. Bununla yanaşı, şirkətin maliyyə dayanıqlılığı sabit qalır — cəmi kapital 140 milyon manat səviyyəsindədir.

1 yanvar 2024-cü il tarixinə şirkətdə 227 nəfər çalışıb (1 il öncə: 214).

Xatırladaq ki, 2000-ci ildən fəaliyyət göstərən “Delta Telekom” Qafqaz regionunda telekommunikasiya və informasiya texnologiyaları sahəsindəki operatorlardan biridir. Şirkət 27 min manat nizamnamə kapitalına sahibdir. Şirkət korporativ müştərilər, dövlət qurumları, banklar və özəl müəssisələrə kompleks həllər təqdim edir. Bundan əlavə, “Delta Telekom” regionun ən iri internet super magistralına sahibdir və müasir texnologiyalarla təchiz edilmiş infrastrukturu vasitəsilə yüksək keyfiyyətli rabitə xidmətləri göstərir.

Son xəbərlər
Digər xəbərlər