10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın iştirak layihəyə $2,75 mlrd. vəsait cəlbi üçün danışıqlar aparılır

Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi üçün 2,750 mlrd. ABŞ dolları məbləğində vəsaitin cəlb olunması ilə bağlı müzakirələr aparılır.

“Cənub Qaz Dəhlizi” QSC-dən bildirilib ki, hazırda Avropa İnvestisiya Bankı (500 mln. dollar), Almaniyanın zəmanətindən faydalanacaq banklar (1,5 mlrd. dollaradək), MIGA (Multilateral Investment Guarantee Agency-Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi, Dünya Bankı qrupuna daxildir-Rep.) və onun zəmanətindən faydalanacaq banklar (750 mln. dollar) ilə danışıqlar aparılır.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.

Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.

Xatırladaq ki, indiyədək Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD), Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD, Asiya İnkişaf Bankı (ADB) layihədə payının maliyyələşdirilməsi üçün “Cənub Qaz Dəhlizi” QSC-yə kredit ayırıb.

© Report.az

Son xəbərlər
Digər xəbərlər