Beynəlxalq Valyuta Fondu (İMF) Qafqaz, Mərkəzi Asiya, Monqolustan Potensialın İnkişafı Regional Mərkəzini (CCAMTAC) təsis edib.
Təşkilatla yanaşı üzv ölkələr olan Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan, Özbəkistanın, habelə inkişaf tərəfdaşlarının müştərək layihəsi olan CCAMTAC-ın maliyyələşdirilməsində tərəfdaşlardan İsveçrə, Koreya Respublikası, Polşa, Asiya İnkişaf Bankı (ADB) ilk iştirak edənlərdir.
“Fiziki baxımdan yerləşdiyi Almatı şəhərində fəaliyyətə başlayanadək virtual formatda açılacaq olan bu mərkəz iqtisadi siyasətin hazırlanmasında, təsisatların inkişaf etdirilməsində region ölkələrilə İMF-in çalışmalarının daha da genişlənməsində mühüm vasitədir”, – deyə Fondun açıqlamasında qeyd olunur.
İMF-in bütövlükdə 17 regional potensialın inkişaf mərkəzindən biri olan CCAMTAC İMF idarəçi direktoru Kristalina Georgiyeva ilə Qazaxıstan Milli Bankının sədri Erfbolat Dosayev arasında 14 dekabr 2020-ci il tarixli anlaşma məktubuna əsasən yaradılıb. Mərkəzin Əlaqələndirmə Komitəsinin yanvarın 28-də keçirilən ilk iclasında mərkəzin fevral ayında açılacağı qərarlaşdırıldı, ilk aylarda fəaliyyət proqramı təsdiqləndi. CCAMTAC-da çalışacaq 7 uzunmüddətli müşavirin səlahiyyətləri aşağıdakı sahələri əhatə edəcək:
Makroiqtisadi təhlil
Vergi və gəlir siyasəti
Pul-kredit və maliyyə sektoru
Makroiqtisadi statistika.