9 C
Baku
Sunday, November 17, 2024

Azərbaycanın İtaliyaya qeyri-neft ixracının həcmi açıqlanıb

2023-cü ildə Azərbaycanın İtaliyaya qeyri-neft ixracı 40 milyon ABŞ dolları dəyərində olub.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən “Azərbaycan və İtaliya daha yaxşı qida istehsalı naminə” mövzusunda tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Bu, onu göstərir ki, hər iki ölkənin bu sahədə əlaqələrini genişləndirmək üçün gələcəkdə böyük işlər görülməlidir”, – T. Hacılı bildirib.

O vurğulayıb ki, bugünkü tədbir İtaliyanın maşınqayırma sahəsində fəaliyyət göstərən şirkətlərinin ölkəyə səfəri çərçivəsində təşkil edilib: “Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafı, əlavə dəyər yaradan məhsulların istehsalında müasir texnologiyaların tətbiqi, maşınqayırma məhsullarının istifadəsi çox vacibdir. Ona görə bugünkü tədbir çərçivəsində bu kimi məsələlər müzakirə edilib”.

AZPROMO-nun rəsmisi əlavə edib ki, hazırda Azərbaycanda İtaliyanın 140 şirkəti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərirlər, maşınqayırma sahəsində olan bəzi şirkətlərin ofisləri də var.

T. Hacılı qeyd edib ki, 2023-cü ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15 milyard 685,97 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 477,9 milyon ABŞ dolları, ixracın həcmi 15 milyard 208,07 milyon ABŞ dolları təşkil edib, xarici ticarət saldosu isə müsbət 14 milyard 730,17 milyon ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 13,45 %, o cümlədən ixrac 14,48 % azalıb, idxal isə 40,38 % artıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər