Azərbaycanda dövlət qurumlarının kapital bazarında iştirakının liberallaşdırılması təklif edilir.
Azərbaycan qanunvericiliyində dövlət qurumlarına yalnız Maliyyə Nazirliyinin dövlət istiqrazlarına investisiya qoymağa icazə verilir, istiqrazlara və özəl şirkətlərin səhmlərinə investisiya yatırmaq onlar üçün mümkün deyil.
F.Axundovun sözlərinə görə, məsələn, Yaponiyada dövlət qurumları likvidlik olduğu halda 50 %-ə qədər xarici alətlərə, qalan 50 %-ni isə yerli bazara 25 %-i istiqrazlara, 25 %-i isə səhmlərə investisiya yatıra bilər: “Yaponiyada və digər ölkələrdə tətbiq edilən bu cür məhdudiyyətlər kapital bazarının tənzimlənməsində dövlətin mühüm rolundan xəbər verir”.
Bundan əlavə, Azərbaycanda dövlət istiqrazları yalnız banklar, dövlət qurumları və agentliklər arasında yerləşdirilə bilər.
BFB-nin Müşahidə Şurasının sədri sektorun dövlətlə işləmə tərzinin dəyişdirilməsini zəruri sayır ki, bu da fond bazarının dövriyyəsini xeyli artıracaq: “Bu gün kapital bazarında illik gəlirlilik cəmi 20-25 milyon manat təşkil edir, bankların isə milyardlarla gəlirləri var. İri şirkətlərin banklardakı hesablaşma hesablarında təxminən 2 milyard manatdan çox vəsaiti var. Bu vəsaitlər iqtisadiyyatda işləmir və şirkətlərin özləri üçün də gəlir gətirmir. Bundan əlavə, bu gün dövriyyədə təqribən 15 milyard manat nağd pul var. Bu vəsaitlərin maliyyə sisteminə necə cəlb edilməsini düşünmək lazımdır”.
O qeyd edib ki, Maliyyə Nazirliyinin dövlət istiqrazlarına investisiya qoymaqla 6-8 % gəlir əldə etmək olar: “Onları banklardakı hesablaşma hesablarında saxlamaqla şirkətlər heç nə qazanmırlar. Bununla yanaşı, özəl şirkətlərin və bankların dollar istiqrazlarının gəlirliliyi 7-10 %-ə çatır”.
F.Axundov investisiya qiymətli kağızları ilə əməliyyatlardan əldə olunan gəlirin vergidən azad edilməsi kimi mövcud stimulları yetərli hesab etmir: “İnkişaf üçün həvəsləndirici tədbirləri genişləndirmək lazımdır. Ona görə də Azərbaycan Fond Bazarının Peşəkar İştirakçıları Assosiasiyası vasitəsilə dövlət və tənzimləyici qarşısında dəstəyin genişləndirilməsi ilə bağlı məsələlər qaldırılmalıdır”.
O bildirib ki, BFB-nin 2024-2026-cı illər üçün yeni inkişaf strategiyası hazırlanarkən Hindistan, Sinqapur, Qazaxıstan, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Polşa, Bolqarıstan da daxil olmaqla 20 ölkənin təcrübəsi öyrənilib: “Son 10-15 ildə bu bazarların uğurları dövlətin fəal dəstəyinə əsaslanır”.
BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov da vurğulayıb ki, səhmdar cəmiyyətlərin müəyyən gəlir vergisi güzəştləri var, lakin mülkiyyət forması MMC-dən SC-yə dəyişdirilərkən nə dərəcədə çevik və neçə faizlə səhmlərin təkrar bazara çıxarılması mümkündür, bu məsələ qanunla tənzimlənmir: “Nəticədə, bəzi iri MMC-lərin səhmdar cəmiyyətə çevrilməsi heç bir şəkildə fond bazarına təsir göstərmir. Birjanın bununla bağlı müəyyən təklifləri var idi, hesab edirəm ki, biz onların müzakirəsinə başlamalıyıq”.
Onun sözlərinə görə, hazırda BFB-nin daxili qaydalarında müəyyən yumşalmalar gözlənilir və buna görə də Mərkəzi Bankla məsləhətləşmələr aparılır.