Azərbaycanın kosmos operatoru “Azərkosmos” ASC-nin qiymətli kağızları delistinq edilib.
Bu barədə Banker.az-a Bakı Fond Birjasından bildirilir.
““Azərkosmos” ASC-nin AZ1001009294 ISIN kodlu qiymətli kağızları delistinq edilmişdir”- deyə, BFB bildirir.
Səbəb isə dövlət qurumunun səhmdar kimi fəaliyyətinə xitam verilib, publik hüquqi şəxs kimi fəaliyyətinə davam etməsidir.
Banker.az olaraq xatırladırıq ki, “Azərkosmos” ASC 2015-ci ildən fond bazarına bu səhm emissiya etmişdi. Bu isəhmlərin hər birinin nominal qiyməti 20 manat olmaqla ümumilikdə 8 465 294 ədəd, yaxud 169 305 880 manat idi.
Delistinq — müəyyən bir emitentin qiymətli kağızlarının fond birjasının kotirovka siyahısından çıxarılması. Siyahıdan çıxarıldıqdan sonra, emitent şirkətin qiymətli kağızları, şirkətin kotirovka siyahısından çıxarıldığı birjada satıla bilməz. Kotirovka siyahısından çıxarılan qiymətli kağızlar birjadan kənar qiymətli kağızlar bazarında satıla bilər.
Qeyd edək ki, 2021-ci ilin aprelin 27-də Prezident İlham Əliyevin fərmanına əsasən, “Azərkosmos” ASC-nin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs yaradılıb. Agentlik “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, Cəmiyyətin hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.