Hazırda, gündəmdə olan məsələlərdən biri də kredit faizləri ilə bağlıdır. Bu məqalədə sizə kreditlərin illik faiz dərəcələrinin illər üzrə dəyişimə tempi haqqında məlumat verəcəyik.
Bizim araşdırmalar onu göstərir ki, faiz dərəcələrindən danışdıqda biznes kreditləri ilə istehlak kreditlərini ayırmaq lazımdır. Çünki, bu gün banklarımızda istehlak kreditləri ilə biznes kreditlərinin faizləri arasında müəyyən fərq mövcuddur.
Bəzi müqayisələri diqqətinizə çatdırmaq istərdik.
Bir neçə il əvvələ getsək, 2008-ci ildə istehlak kreditləri üzrə faiz dərəcəsi demək olar ki, bütün kredit təşkilatlarında təxminən 36% təşkil edirdi. Həmin dövrdə, kiçik biznes kreditlərinin faiz dərəcəsi isə 32-34% idi. Lakin indi Azərbaycanda kredit təşkilatları tərəfindən verilən istehlak kreditləri 24-26% -ə kimi aşağı düşüb. Biznes kreditlərinin faiz dərəcəsi isə 22-28% təşkil edir. Bu rəqəmlər Mərkəzi Bankın açıqladığı faizlərdən kifayət qədər fərqlənməsinin səbəbi , Banker.az-ın qeyd etdiyi rəqəmlər özündə güzəştli (ipoteka və SKMF) və iri həcmli kreditlərin faizlərinin daxil edilməməsindən ibarətdir.
İstehlak kreditlərinin faiz dərəcəsinin sürətlə düşməsinə isə 2 amil təsir edir.
Başlıca səbəb, bazarda rəqabətin artmasıdır. Rəqabətin artmasına səbəb isə bank müştərilərinin sayı və əhalinin bank kreditlərinə olan tələbatın artmasıdır. Müştərilər bir krediti ödəyəndən sonra digərini götürür, məlum olduğu kimi tələb təklif doğurur və bununla da banklar arasında rəqabət artır. Bu prosesdə keyfiyyətli kredit tarixçəsinə malik şəxslər hər bir bank tərəfin arzu olunan olduğundan, onlar üzərində müxtəlif səviyyəli rəqabət dahada güclənir- banklar müştərilərə daha münasib şərtlə kredit təklif edirlərki onlarda öz növbəsində hazırda xidmətindən istifadə etdiyi bankdan çıxıb onların müştərisi olsunlar.
Digər bir səbəb isə, kart məhsullarının kütləvi şəkildə bazara daxil olmasıdır. Belə ki, hazırda Beynəlxalq Bankın və Kapital Bankın kart ilə verdikləri kreditlərin faiz dərəcəsi 24% təşkil edir. Bu bankların auditoriyası isə çox böyükdür və təxmini olaraq qeyd edə bilərik ki, 3 milyondan artıq kart həmin bankların nəzarətindədir.
İstehlak kreditlərində faiz dərəcələrinin nisbətən düşməsinə təsir edən digər vacib nüanslardan biri risk amillərinin azalması olmuşdur. Hazırda banklar MKR,elektron arayış və digər alətlər vasitəsi ilə müştərinin nə dərəcədə riskli olub olmamasını daha dəqiq qiymətləndirə bilirlər və bu da öz növbəsində risk premium-ların (kredit faizində risklərə görə əlavə olunan faiz) azalmasına gətirib çıxarır .
Biznes kreditlərində faiz dərəcəsinin aşağı düşməsinə isə 2 faktor təsir edir:
- Əgər kredit girovla verilibsə, bu zaman faiz dərəcəsi aşağı olacaq. Kreditlər girovla müəyyən şərtlər əsasında verilir. Girovlu kreditlərin verilməsi üzrə bank tərəfindən ayrıca meyarlar müəyyən edilir. Belə ki, kredit geri qaytarılmasa kredit borcunun təminatı kimi girov mühüm rol oynayır. Amma bununla yanaşı təminatın dəyəri bankı kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət etməlidir. Eyni zamanda kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır.
- Biznes kreditləri üzrə faiz dərəcəsinin azalmasında digər faktor isə, bu kreditlərin verilməsinin daha riskli olmasıdır. Bu səbəbdən də banklar belə kreditləri hər müraciət edən şəxsə vermir. Çünki, həmin şəxsin krediti geri ödəməklə bağlı problemi olduğu zaman, kreditorun borcu geri alması çox vaxt aparır və bəzən də ümumiyyətlə geri ödəniş almaq mümkünsüz olur. Bu səbəbdən də, zaminliklə verilən kiçik biznes kreditləri daha bahadır.
Biznes kreditlərində fazilərin azalması əsasən böyük məbləğlərdə qeydə alınıb. Çünki, yüksək kreditləri verən zaman girov mütləqdir. Girovun olması isə riskin azalması deməkdir.
Biznes kreditlərində faizlərin enməsinə təsir edən digər amil SKMF kreditləridirki, onlar dövlət tərəfindən biznesin inkişafı məqsədi ilə verilən güzəştli kreditlərdir.
Yaxın dövrlərdə bankların biznes kreditlərinin faiz dərəcərinin qismən endirilməsi gözlənilir.