Bir vaxtlar istirahət məkanı və yay düşərgəsi kimi tanınan Hacıqabul gölünün bərpası ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilib.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.
Onun sözlərinə görə, Hacıqabul gölünün ətraf ərazisində müxtəlif təyinatlı yeraltı və yerüstü kommunikasiya və infrastruktur obyektlərinin mövcudluğu, ətraf mühitə antropogen təsirlər nəzərə alınaraq ərazidə ekosistemin bərpası istiqamətində fəaliyyətin əlaqələndirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Şirvan və Hacıqabul rayon icra hakimiyyətlərinin, “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətlərinin nümayəndələrindən ibarət İşçi qrup yaradılıb.
İşçi qrup tərəfindən göl və gölətrafı ərazilərdə kompleks tədqiqat işləri aparılıb, gölün qurumasını və çirklənməsini törədən səbəblər araşdırılıb, yaranmış problemin həlli üçün mövcud imkanlar qiymətləndirilib. Araşdırmaların nəticəsi olaraq Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və ərazidə ekosistemin bərpası üzrə tədbirlər planı hazırlanıb.
M.Əbdülhəsənov əlavə edib ki, tədbirlər planında Hacıqabul gölü və onun ətraf ərazisinin gələcək təyinatının müəyyən edilməsi, Şirvan və Hacıqabul şəhərlərində formalaşan tullantı sularının idarə olunması, onların gölə axıdılmasının qarşısının alınması, ərazidəki neft quyularının ekoloji cəhətdən təhlükəsiz vəziyyətə gətirilməsi, gölətrafı drenaj sisteminin yaradılması, Kür çayından gölə su vurulması, yağıntılar zamanı səth sularının gölə axıdılması, gölətrafı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısının alınması, gölün sanitar-mühafizə zonasında yaşıllıqların salınması və s. məsələlər öz əksini tapıb.
Şöbə müdiri onu da bildirib ki, gölün bərpası üçün Kür çayının və Şirvan kanalının suyundan istifadə edilməsi məsələsi gündəmdədir:
“Həmin əraziyə “Meliorasiya və Su Təsərrüfatı” ASC su kanalı çəkir və bu kanalın son nöqtəsinin Hacıqabul gölü olması nəzərdə tutulur. Gələcəkdə göldən kiçik su tutarı kimi də istifadə edilməsi imkanları yarana bilər”.
Su ehtiyatlarının ətraf mühitin bir hissəsi olduğunu vurğulayan şöbə müdiri onların mühafizəsinin olduqca vacib olduğunu da nəzərə çatdırıb:
“Su mənbələri nə qədər az çirklənərsə, bu, təbiətimiz üçün bir o qədər xeyirli olar. Azərbaycan azsulu ölkədir, suyun hər damlasının qədri bilinməli və qənaətlə istifadə olunmalıdır”.
Qeyd edək ki, Hacıqabul gölü Xəzər dənizinin çəkilməsi nəticəsində yaranıb. XV əsrdə Şah Abbas indiki Hacıqabul şəhərinin yerləşdiyi ərazidəki eyni adlı gölün sahilində karvansara tikdirmişdi. Həmin dövrdə şərq ölkələrinə gedən tacirlər Böyük İpək Yolunun keçdiyi bu ərazidən istifadə edirdilər.
Gölün köçəri və nadir quşların miqrasiyası üçün, bataqlıqda yaşayan su quşları, o cümlədən, nəsli kəsilməkdə olan quş növlərinin yuva qurmaları üçün əlverişli şəraitə malik olması bu ərazinin vaxtilə istirahət məkanı olmasına şərait yaratmışdı. Sovetlər dönəmində bu gölün sahilində, həmçinin, balıqçılıq təsərrüfatı, avarçəkmə bazası olub.
Hacıqabul gölü Azərbaycanın potensial ramsar (beynəlxalq əhəmiyyətli su-bataqlıq) sahələrinə aid edilir.