23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycanın Maliyyə Sabitliyi Şurası iclas keçirdi, müzakirə mövzusu açıqlandı

Makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılmış Maliyyə Sabitliyi Şurasının 11 dekabr 2018-ci il tarixində növbəti iclası keçiriib. Banker.az-a bu barədəMərkəzi Bankdan məlumat daxil olub.

Məlumata görə, cari ilin 9 ayının yekunlarına həsr edilmiş iclasa Azərbaycan Respublikasının Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Novruz Məmmədov sədrlik edib.

İclasın gündəliyinə uyğun olaraq Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində görülmüş işlər barədə icmal-hesabat təqdim edilib.

Açıqlamada deyilir ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanmış, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənmişdir. Cari ilin 9 ayında ümumi daxili məhsul qeyri-neft sektoru üzrə 1% artmışdır. Qeyri-neft sənayesində 10.8%, kənd təsərrüfatında 4.3%, informasiya və rabitə xidmətlərində 7.7%, ticarətdə 2.7%-lik artıma nail olunmuşdur. İqtisadiyyatın və sosial sahələrin inkişafı istiqamətində bütün maliyyə mənbələri hesabına əsas kapitala 10.1 milyard manat investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilən vəsaitlər keçən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə 20.2%, qeyri-neft sənayesi üzrə isə 24.4% artmışdır. Əhalinin gəlirləri 9.5% artmaqla inflyasiyanı 6.9% üstələmişdir.

2018-ci ilin 9 ayında ölkənin xarici sektor göstəricilərinin yaxşılaşması davam etmişdir. Cari əməliyyatlar hesabının profisiti 5.1 mlrd. ABŞ dolları olmaqla ÜDM-in 15%-ni təşkil etmişdir. Tədiyə balansı göstəricilərinin yaxşılaşmasına neftin dünya qiymətinin yüksəlməsi ilə yanaşı qeyri-neft sektoru üzrə ixracın genişlənməsi də təsir göstərmişdir.

Xarici sektor üzrə fundamental amillərin təsirləri fonunda 2018-ci ilin 9 ayında valyuta bazarında tarazlıq qorunmuş, milli valyutanın məzənnəsi sabit olmuşdur. Ölkənin strateji valyuta ehtiyatları dövr ərzində 7.6% və ya 3.2 mlrd. ABŞ dollar artaraq 45 mlrd. ABŞ dolları ötmüşdür.

2018-ci ilin 9 ayında dövlət büdcəsinin gəlirləri 101.3%, xərcləri isə 98% icra olmuşdur. Dövlət büdcəsinin 423.7 mln. manat məbləğində artıqlığı (profisit) yaranmışdır. Dövlət investisiyalarının artması iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynamışdır.

2018-ci ilin üçüncü rübündə fiskal islahatlarla bağlı bir sıra mühüm qanunvericilik aktları (“Yeni Büdcə Qaydaları”, “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi və “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”) təsdiq edilmişdir. 2019-cu il üçün dövlət büdcəsinin layihəsi büdcə qaydalarına uyğun tərtib edilmişdir.

Həyata keçirilən effektli makroiqtisadi siyasət şəraitində 2018-ci ilin 9 ayında orta illik inflyasiya proqnozlaşdırılandan əhəmiyyətli dərəcədə aşağı olmaqla 2.6% təşkil etmişdir.

Hesabat dövründə makroiqtisadi sabitliyin möhkəmlənməsi və son makroiqtisadi proqnozlar nəzərə alınmaqla pul siyasəti yumşaldılmış, uçot dərəcəsi mərhələli şəkildə endirilmişdir. Pul təklifinin dinamikası inflyasiya hədəfi nəzərə alınmaqla tənzimlənmiş, 2018-ci ilin 9 ayında manatla geniş pul kütləsi 8.3% artmışdır.

Bank sektoru tərəfindən 9 ayda iqtisadiyyata kredit qoyuluşları 4.6%, fiziki şəxslərin depozitləri 8.4% artmışdır.

Yekunda 2019-cu ildə makroiqtisadi sabitliyin qorunması və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işlərin davam etdirilməsi, eləcə də dayanıqlı makroiqtisadi sabitlik əsasında inklüziv iqtisadi artımın sürətləndirilməsi üçün zəruri islahatların daha da dərinləşdirilməsinin vacibliyi qeyd olunmuşdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər