Bu ilin yanvar-noyabr aylarında Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5 008 ədəd, yaxud 2,04 dəfə artıb.
Dövlət Gömrük Komitəsindən Banker.az-a daxil olan məlumata görə, ötən ilin 11 ayı ərzində xaricdən Azərbaycana 4 820 ədəd avtomobil gətirildiyi halda, bu il ölkəyə 9 828 ədəd avtomobil idxal olunub.
Bundan əlavə, 2018-ci ildə avtomobillərin qiymətinin artacağı ilə bağlı məlumatlar yayılıb. Təəccüblüdür, əhalinin dolanışıq səviyyəsinin aşağı düşməsi fonunda avtomobil bazarında da alıcılıq qabiliyyəti azalırsa, qiymətlər niyə qalxmalıdır?
Bəs əslində vəziyyət necə olacaq?
Məsələ ilə bağlı əmlak bazarı üzrə ekspert, marketoloq Vaqif Hüseynov açıqlama verib. O da bildirib ki, 2018-ci ildə avtomobillərin qiymətində artım müşahidə ediləcək: “Hazırda avtomobil bazarında durğunluq müşahidə edilir, vəziyyət qeyri-stabildir. Adətən hər il bu dövrdə belə hallar yaşanır. Çünki ilin sonuna doğru şirkətlər, eyni zamanda vətəndaşlar ili yekunlaşdırırlar. Bilirsiniz, insanlar ailə büdcələrinə nəzarət etmək məcburiyyətindədirlər. Digər tərəfdən, bazarda pay bölgüsü var. Bir qismi şirkətlərin aldığı maşınlar, digər qismi isə fərdi adamların aldığı maşınlardır. Şirkətlər də öz korporativ maşın alqısını dayandırırlar. Çünki ilin sonu olduğu üçün hesabatlar təqdim edilməsi, fərdi şəxslərin bayramla əlaqəli istirahatə yollaması olur. Bu da nəticə olaraq bazarda durğunluğun yaranmasına gətirib çıxarır.
Yanvar ayının təxminən 10-dan başlayaraq yeni planlar, məqsədlər müəyyən edilir. Sözsüz ki, bu, əmlak bazarına da təsirsiz ötüşmür. Budəfəki məsələ isə sırf aksizlərlə bağlıdır. Gömrük rüsumlarının artacağı əvvəlcədən elan olunduğu üçün faktiki olaraq ölkəyə idxal olunan avtomobillərin qiymətində dəyişiklik müşahidə ediləcək”.
V.Hüseynov xüsusilə 15 min manata qədər olan avtomobillərin qiymətlərində artım olacağını qeyd edib:
“Bilirsiniz, Azərbaycan avtomobil istehsalçısı deyil, avtomobil bazarında idxalçı ölkədir. Ona görə də bu, avtomobil bazarına ciddi şəkildə təsir edəcək. Əsasən də nəzərə alsaq ki, son bir ildə Azərbaycan taksi bazarında canlanma var. Artıq demək olar ki, hər 10 nəfərdən 5-i taksi sürür. Müxtəlif taksi şirkətlərinə, onların mobil tətbiqetmələrinə qoşularaq daha rahat taksi fəaliyyəti ilə məşğul olurlar. Taksilərə lisenziyanın verilmə prosesi sadələşəndən sonra hamı taksi sürür və bu özü də müəyyən mənada bazarda avtomobil satışını artırır. Təbii olaraq avtomatik olaraq satış qiymətləri də qalxır. Bunun fonunda proqnozlaşdıra bilirik ki, 15 min manata qədər olan avtomobillərin qiymətlərində artım müşahidə olunacaq. Çünki 15 min manata qədər olan avtomobillər əsasən taksi fəaliyyəti üçün nəzərdə tutulduğundan burada artımın olması mümkündür”.
Müsahibimizin sözlərinə görə, qiymətlərdəki keçidlər kəskin baş verəcək:
“Əgər ölkə dövlət “görünməz əl” prinsipi ilə müəyyən mexanizmlər tətbiq etsə və yumşaq keçidi təmin etməkdə maraqlı olsa, ola bilər ki, avtomobillərin qiymət artımı tədricən olsun. Amma təcrübələr göstərir ki, hər zaman qiymətlərdəki keçidlər kəskin baş verir. Bu baxımdan avtomabillərin qiymətində təxminən 10-15 faizə qədər artım müşahidə edilə bilər”.