10 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycanın milli maraqlarına cavab verməyən bütün təkliflər qəbuledilməzdir: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Ölkəmiz hər zaman, bütün tarix boyu, mövcudluğu ərzində bütün xalqlar və dövlətlərlə sülh şəraitində yaşamağa, səmimi və dürüst əməkdaşlıq, dostluq, müttəfiqlik əlaqələrinə, münasibətlərinə üstünlük verib.

Bu gün də belədir, 29 illik ikinci müstəqilliyini dövründə də bu xəttindən bir an olsun belə geri çəkilməyib, yayınmayıb. Azərbaycanın əməkdaşlıq münasibətlərinə önəm verdiyi, bunu səmimi və əməli addımlarla gerçəkləşdiriyi ölkələrdən biri də Fransadır.

Ümumiyyətlə, Azərbaycan-Fransa münasibətləri çoxəsrlik tarixə və ənənələrə malikdir. Bu əlaqələrin, münasibətlərin kökü lap dərinlərə gedib çıxır. Heç təsadüfi deyil ki, dünya klassiklərindən olan böyük ədib Aleksandr Düma hələ 19-cu əsrdə (1858-59-cu illərdə) Qafqaza səyahəti zamanı Azərbaycana da səfər etmiş, Azərbaycanın, Şərq dünyasının söz ustadlarından Xurşudbanu Natəvanla görüşmüş, bu səfər və görüşdən sonra Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşmüşdür.

Hətta, bu səfərdən bir neçə il öncə Azərbaycanın, Şərqin, bütövlükdə dünyanın böyük mütəfəkkirlərindən, ədiblərindən, söz ustadlarından, maarifçilərindən sayılan Mirzə Fətəli Axundov öz əsərində Fransadan bəhs etmiş, daha doğrusu, öz qəhrəmanlarından biri kimi, Azərbaycana səyahət etmiş fransız təbiətşünasın obrazını bədii şəkildə canlandırmışdır.

Belə ki, 1850-ci ildə qələmə aldığı ikinci “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyasında  əsas qəhrəmanlardan olan Müsyö Jordanın prototipi, o illərdə əslində elmi araşdırmalar üçün Zaqafqaziyaya gəlmiş və xüsusən də komediya janrında fəaliyyət göstərdiyi Qarabağın florasını öyrənən Fransız təbiətşünası Aleksis Jordan (1814-1897) idi. Hətta ehtimal olunur ki, M.F.Axundov fransız alimi ilə şəxsən tanış olmuş və onunla söhbət etmiş, bu da alimin bədii obrazını yaratmasına kömək etmişdir.

Eyni zamanda, ilk müstəqilliyimiz dövründə – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 23 aylıq mövcudluğu zamanında iki ölkə arasında münasibətlərin yeni mərhələsi yaranmışdır. Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi Paris Sülh Konfransında Fransa Azərbaycanın müstəqilliyini de-fakto tanımışdır. Həmçinin, Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında öz missiyasını uğurla başa vurduqdan sonra parlament bir sıra digər ölkələrlə yanaşı, Fransanın paytaxtında da fəaliyyət göstərəcək diplomatik nümayəndəliyin yaradılması haqqında qanun qəbul etmişdir.

Bununla yanaşı, AXC-nin Qərbi Avropa, Rusiya və Osmanlıda ali təhsil almaq üçün seçilmiş Cümhuriyyət tələbələrinin bir hissəsi Fransa universitetlərində təhsil almışdır. Çox maraqlı və təsirli məqamlardan biri də odur ki, 28 aprel 1920-ci ildən sonra bir sıra Azərbaycan ziyalıları, dövlət xadimləri repressiyalardan qorunmaq, Azərbaycan naminə fəaliyyətlərini, fədakarlıqlarını davam etdirmək üçün məhz Fransanı özlərinə ikinci vətən seçmişdilər. Bunlar arasında Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli kimi dəyərli vətən övladlarımız vardır ki, bu gün də onların məzarları Fransadadır.

Daha bir tarixi-dünyaya örnək olacaq bir fakt.

Hər kəsə məlum olduğu kimi, İkinci Dünya Müharibəsi zamanı Fransanın azadlığı, alman faşiziminə qarşı savaşında iştirak edənlər arasında əslən Azərbaycanın Şəki rayonundan olan “Xarqo” ləqəbli Əhəmidiyyə Cəbrayılov da olmuşdur. Fəxr və qürur hissi ilə demək olar ki, Fransa Müqavimət Hərəkatının tanınmış simalarından olan Əhmədiyyə Cəbrayılovu Fransada bəlkə də tanımayan kimsə yoxdur.

Çünki o igidliyi, qəhrəmanlığı ilə Fransada tarix yazmış və  Fransanın, eləcə də dünyanın nəhəng liderlərindən sayılan Şarl de Qoll tərəfindən bu ölkənin ən ali mükafatları, “Hərbi ordeni” ilə,  mükafatlandırımış, təltif edilmişdir. Hətta, 1966-cı ildə Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirmiş və o, Moskvaya çağrılmışdır. Bununla yanaşı, Əhmədiyyə Cəbrayılova 1972, 1975, 1982-ci illərdə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilmişdir.

O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə getmiş, həmçinin Paris, Bordo, Strazburq, Lion, Dijon və Marseldə olur, keçmiş döyüş yoldaşları ilə görüşmüşdür. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilmiş və ona bu görüşdən xatirə medalı təqdim edilmişdir. 1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülmüşdür-Müharibə Xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət hərəkatı medalı, İgidliyə görə medal, Yaralanmağa görə medal.

1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunmuşdur. 1994-cü il 6 yanvarda Front National milli hərakat məmuru Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim etmişdir.

Daha bir qürurverici məqam isə ondan ibarətdir ki, İkinci Dünya Müharibəsinin başa çatmasında, faşizm üzərində tarixi Qələbənin qazanılmasında və bir çox Avropa ölkələri kimi Fransanın da faşizm bəlasından, təhlükəsindən qurtulmasında Bakı neftinin böyük rolu olmuşdur. Hər kəs də etiraf edir ki, Bakı nefti olmasaydı, İkinci Dünya, Böyük Vətən Müharibəsini qələbə ilə başa çatdırmaq mümkün olmayacaqdı. Faşizm üzərində Qələbə görə, çoxları məhz Bakı neftinə və  Bakı, Azərbaycan neftçilərinə borcludur. Bunu heç zaman danmaq və unutmaq olmaz. Yəni, demək istəyirəm ki, Azərbaycan-Fransa əlaqələri tarixin bir çox dövrlərində mövcud olmuş və bu mövcudluğunu günümüzədək qoruyub saxlaya bilmişdir.

İkinci müstəqillik dövründə iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 21-də qurulmuşdur. Fransa Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir. 1 yanvar 1997-ci ildən Fransa ATƏT-in Minsk prosesinə həmsədrlər qismində ABŞ və Rusiya ilə birlikdə başçılıq etməkdədir. Həmçinin, 16 mart 1992-ci ildə Fransanın Azərbaycanda səfirliyi, 20 oktyabr 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyi açılmışdır.

Eyni zamanda, Azərbaycan-Fransa münasibətlərinin yüksək səviyyəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin tarixi rolu olmuşdur. Heç təsadüfi deyil ki, ikinci hakimiyyəti dövründə Ümummilli Lider ilk xarici səfərini məhz Fransaya etmiş və ölkənin prezidenti Fransua Mitteranla  görüşmüş, hər iki ölkə və xalqın milli maraqlarına cavab verəcək sənədlərə imza atmışdır. Həm də təsadüfi deyil ki, məhz bu səfərin nəticəsi olaraq, Fransanın məhşur neft şirkəti olan “Total” şirkəti 90-ci illərin əvvəllərindən başlayan və davam edən neft kontraktları üzrə danışıqlar prosesinə cəlb edilmiş və tarixi “Əsrin müqaviləsi”nin iştirakçılarından olmuşdur.

Həmçinin, Azərbaycan-Fransa münasibətlərində dünya nəhənglərindən sayılan Fransanın məhrum sabiq prezidenti Jak Şirakın müstəsna fəaliyyəti olmuşdur. İstər Ulu Öndərin ikinci hakimiyyəti dönəmində, istərsə də ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə bir neçə dəfə Jak Şirakla bir araya gəlinmiş, hər iki ölkə üçün önəmli addımlar atılmışdır. Ümumiyyətlə, Azərbaycan-Fransa əlaqələri, əməkdaşlığı Jak Şirakın hakimiyyət dövrü (1995-2002 və 2002-2007-ci illər) ilə daha şox bağlıdır. 1995-ci ildə Fransa prezidenti seçilən Şirakla ilk görüşən dövlət başçılarından biri məhz  Heydər Əliyev olmuşdur.

Eyni zamanda, hakimiyyətinin ilk dövrlərində ölkə Prezidenti cənab İlham Əliyev ilk səfərlərindən birini məhz Jak Şirakın dəvəti ilə Fransaya gerçəkləşdirmişdir. Bu səfərdən cəmi 3 il sonra, 2007-ci ilin yanvarında İlham Əliyev yenidən Fransaya səfərini rəsmiləşdirmiş,  növbəti dəfə Jak Şirakla görüşmüşdür. Jak Şirak görüş zamanı dövlətimizin başçısına müraciətlə demişdir ki, “çox məmnunam ki, Azərbaycan prezidenti Fransaya dövlət səfəri edir”. Qısa müddətdən sonra Jak Şirak Azərbaycan-Fransa münasibətlərində xidmətlərinə görə, Azərbaycanın ən ali ordeni – “Heydər Əliyev” ordeni ilə təltif olunmuşdur.

Bunlarla bərabər, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərməkdədir ki, bu işçi qrupu da 7 mart 1997-ci il tarixində yaradılmışdır. 4 mart 2016-cı il tarixindən 6 mart 2017-ci ilə qədər isə işçi qrupunun rəhbəri ölkənin birinci xanımı, millət vəkili, Birinci vitse-prezident Mehriban Əliyeva olmuşdur. Qeyd edək ki, Azərbaycan-Fransa münasibətlərinin inkişafında da Mehriban xanımın xidmətləri və rolu çox böyük olmuşdur.

Heç təsadüfi deyil ki, 2005-ci il tarixindən Azərbaycanda Fransız İnstitutunun, 2011-ci ildən Bakı Fransız Liseyinin, 2015-ci ildən isə Azərbaycan-Fransız Universitetinin fəaliyyətə başlamasında Mehriban Əliyevanın birbaşa rolu və xidmətləri vardır. Həmçinin, təsadüfi deyil ki, Azərbaycan-Fransa münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban xanım Fransanın ən yüksək dövlət ordeni-“Şərəf Legionunun Zabiti” ordeni ilə təltif  edilmişdir. 2011-ci il oktyabrın 7-də Fransanın o zamankı prezidenti Nikola Sarkozinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif olunması mərasimi keçirilmişdir. Fransa prezidenti  mərasimdə çıxış edərək demişdir ki,  “Əliyeva dünyada bütün qadınlar üçün gözəl nümunədir”.

Bəli, bunları qeyd etməkdə məqsədim odur ki, ölkəmiz tərəfindən hər zaman Fransa ilə səmimi əlaqələrə, dostluq münasibətlərinə birmənalı şəkildə böyük önəm verilmişdir. Amma çox təəssflər olsun ki, son zamanlar bizdən asılı olmayan səbəblər üzündən Azərbaycan-Fransa münasibətlərində gərginlik yaranmşıdır. Burada isə əsas səbəbkar və günahkar “katoliklərdən daha çox katolikliyi”, daha doğrusu, ermənilərdən daha çox erməniçiliyi, ilə seçilən Fransa prezidenti Emmanuel Makron olmuşdur. Hakimiyyətə gəldiyi gündən Makron Azərbaycana qarşı açıq düşmənçiliyi və nifrəti ilə özünü büruzə vermişdir.

O, hətta o qədər irəli getmişdir ki, Minsk qrupunun həmsədrlərindən biri kimi, ən azı bitərəfliyini, neytrallığını unutmuş, işğalçı və təcavüzkar Ermənisatanın yanında yer almış, bunu nümayişkəranə şəkildə göstərməkdən belə çəkinməmişdir. İyul-Tovuz hadisələrindən bu yana, xüsusilə, 44 günlük tarixi İkinci Vətən Müharibəsinin ilk günlərindən Makron bir qədər sərt səslənsə də, həddsizliyini ortaya qoymuş, “biz Dağlıq Qarabağın fəthinə imkan verməyəcəyik, buna qarşı sonacan dirənəcəyik”-deyə, həmsədrlikdən, neytrallıqdan çox-çox uzaqda dayanan açıq təcavüzkarpərəst mövqeyini sərgiləmişdir.

Odur ki, Prezident İlham Əliyev tərəfindən istər telefon söhbətlərində, istərsə də, digər platformalarda Fransaya, Fransa prezidentinə kəskin etirazlar, xəbərdarlıqlar edilmişdir. Ölkə Prezidenti hətta xarici telekanallardan birinə müsahibəsində Fransa prezidenti ilə telefon söhbətində söylədiyi fikirləri səsləndirərək, demişdir:

“Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər?”

Ancaq bütün bunlara, edilən etirazlar və xəbərdarlıqlara baxmayaraq, Makron nəinki bunlardan nəticə çıxarmış, mövqeyini dəyişmiş, Azərbaycan-Fransa münasibətlərinə böyük xələl gətirəcək addımlardan çəkinmiş, əksinə,  hətta bu bölgədə və ümunən dünyada sülhü və təhlükəsizliyi ciddi  şəkildə təhdid edəcək davranışlara yol vermişdir. Heç cür erməni və Ermənistanpəsətlyini gizlədə bilməyən, əksinə, erməni işğalına, terrorizminə açıq dəstəyini ifadə edən Makron son günlər daha avantürist addımlara, qərarlara imza atmış, start vermişdir.

Belə ki, bir neçə gün öncə rəhbəri olduğu partiyanın (İrəli, Respublika!) üstünlük təşkil etdiyi Paris meriyasında “Dağlıq Qarabağ”ın müstəqlliyi ilə bağlı əndirəbadi qərarına qəbuluna nail olmuşdur. Bu azmış kimi, Fransa ali qanunverici orqanında-Fransa Senatında “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanınması ilə qərar layihəsinin qəbul edilməsi yönündə avantürizmə imza atmışdır. Belə ki, noyabrın 25-də Senatda sözügedən sənədin müzakirəsi və qəbulu nəzərdə tutulmuşdur ki, burada da əsas səbəbkar məhz Makron, onun antiAzərbaycan siyasətidir.

Bəli, bu, artıq hədsizlik, dövlət tərbiyəsindən uzaqda dayanmağın bariz nümunəsi, şəxsi, cılız maraqların dövlət maraqarından üstün tutulması, separatizmin açıq şəkildə və dövlət səviyyəsinə dəstəklənməsidir. Bəli, istər Makronun, istərsə də, erməni diasporu və lobbisinin maliyyə dəstəyi ələ alınmış, onların təsiri altına düşmüş bəzi Fransa siyasətçilərinin son dövlərdəki davranışları acı təəssüf hissi doğurur, bunlar  qəbuledilməz və yolverilməzdir.

Eyni zamanda, özünü daim demokratiyanın beşiyi, ali dəyərlərin qoruyucusu adlandıran Fransa, onun prezidenti bu günə qədər erməni vandalizmi barədə bir kəlmə olsun danışmamış, ermənilərin, Ermənistanın Azərbaycanın kənd və qəbələrində, şəhər və rayonlarında törətdikləri vəhşiliklərə, insanlıq dramlarına, 4 dəfə Gəncə şəhərinin raket zərbələrinə məruz qalmasına, iki gün-dalbadal Bərdə şəhərinin və rayonun Qarayusifli kəndinin qadağan edilmiş silhalarla, “Smerç”-lərlə vurulmasına, Qaşaltında 5 nəfərlik bir ailənin məhz edilməsinə və digər barbarlıq hərəkətlərinə, müharibə cinayətlərinə səsini çıxarmamış, etirazını bildirməmişdir.

Budur, demokratiya, budur, Fransa demokratiyası, budur, insan hüquqlarına, ali dəyərlərə hörmət?! Məhz onların, həmsədr kimi Fransanın səsizliyi, susqunluğu nəticəsində bu vandalizm, terrorizm aktları, barbarlıqlar yanaşmışdır. Bunlarda həmsədr dövlət Fransanın və onun ermənipərəst dövlət başçısı kimi Makronun da məsuliyyət payı vardır. Onlar da buna görə cavab verməlidirlər.

Onlar da, antiAzərbaycan mövqeyində dayanan digərləri də anlasınlar və anlamalıdırlar ki, Ermənistanın vandalizm, barbarizm addımlarına səssiz qalmaqla, bu, hələ bir yana qalsın, Azərbaycanın üzərinə haqsız və ədalətsiz şəkildə gəlməklə, heç nəyə nail ola bilməyəcəklər, necə ki, indiyə qədər nail ola, Azərbaycanı öz Haqq savaşından, Haqq mübarizəsindən çəkindirə bilməyiblər.

Bu yerdə ədalət naminə onu qeyd etmək lazımdır ki, Fransada Azərbaycanın mövqeyini dəstəkləyən, onu haqlı hesab edənlər, Makronun siyasəti ilə razılaşmayanlar da var. Bu sırada da heç şübhəsiz ki, Fransa Parlamentinin Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamber və digərlərini qeyd etmək olar.

Heç təsadüfi deyil ki, bugünlərdə cənab Lamber başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfər etmiş, burada parlamentin rəhbərliyi, digər rəsmilərlə görüşmüş, Gəncəyə, insanlıq dramları yaşanmış ərazilərə baş çəkmiş, bir daha Azərbaycana dəstəyini ifadə etmişdir. Həmçinin, fransalı deputatların Azərbaycana dəstək isfadə etməsində Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası Dostluq Qrupunun və Qrupun rəhbəri Soltan Məmmədovun fəallığını, fəaliyyətini qeyd etmək istərdim.

Bəli, fikirlərimin davamı olaraq, bildirmək istəyirəm ki, artıq Azərbaycan onların-antiAzərbaycançı qüvvələrin, dairələrin gözündəki 90-cı illərin zəif, gücsüz, müdafiəsiz Azərbaycanı deyil. Onların qarşısında güclü, qüdrətli Azərbaycan, böyük siyasət və dövlət lideri İlham Əliyev dayanır. Uduzan onlar olacaq, bizlər deyil.

Tam əminliklə qeyd edirəm ki, bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycan öz sözünü deməyə, konkret addımlarla öz mövqeyini möhkəmləndirməyə qadirdir. Bunun üçün hər cür imkanlar var, ölkəmiz, dövlətimiz Azərbaycanın milli maraqlarına cavab verən hər cür adekvat qərarlara, addımlara malik və sahibdir. Bunu qəti şəkildə yadda çıxarmasınlar.  

Bəli, ölkə Prezidentinin Ağdam rayonun işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqına tarixi müraciətində də deyildiyi kimi, heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz.

“Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə”-deyərək, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan bir daha Makron və onun kimilərə son xəbərdarlığını etmişdir.

Bəli, indi qərar, seçim onlarındır. Hələ nə qədər gec deyil, öz xətalarından, yanlışlarından dönsünlər, sonra çox gec olar, çox gec.

Qarabağ Azərbaycandır və nida işarəsi!

Son xəbərlər
Digər xəbərlər