Azərbaycanla Monteneqronun arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycan turizm sahəsində Monteneqronun iri investorlarından biridir.
Bu sözləri I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edən Monteneqronun turizm naziri Simonida Kordiç mətbuat nümayəndələrinə açıqlaması zamanı deyib.
O bildirib ki, Azərbaycanla Monteneqro arasında həm siyasi, həm də biznes əlaqələri çox yaxşı səviyyədədir.
“Monteneqro turizmində ən böyük sərmayələrdən biri məhz Azərbaycanın yatırımıdır. Bu investisiyanın ümumi dəyəri indiyədək 1 milyard dollara çatır. Biz əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq və daha çox azərbaycanlı investoru Monteneqroda yeni səmərəli layihələrə qoşulmağa dəvət edirik. Bu ilin yanvar-avqust aylarında Monteneqroya gələn azərbaycanlı turistlərin sayı ötən illə müqayisədə 77 faiz artıb. Bizim məqsədimiz ziyarətçilərə yüksəkkeyfiyyətli xidmət və elə bir təcrübə təqdim etməkdir ki, onlar Monteneqroya yenidən gəlmək istəsinlər. Bütün azərbaycanlıları ölkəmizə səfərə dəvət edirəm”, – deyə monteneqrolu nazir vurğulayıb.
S.Kordiç qeyd edib ki, iki ölkə arasında turizm sahəsində rəsmi saziş mövcuddur, bu çərçivədə qarşılıqlı investisiya və turist mübadiləsi uğurla həyata keçirilir: “Porto Novi” kurort kompleksi ölkəmizdə ən iri Azərbaycan investisiyasıdır. Kompleks daxilində Avropada yeganə olan “One&Only” hoteli fəaliyyət göstərir. Bu kurort həm yüksəksəviyyəli xidmətləri, həm də təqdim etdiyi unikal istirahət təcrübəsi ilə Monteneqronun turizm strategiyasının nümunəsidir. Azərbaycan investisiyası Monteneqronun turizm sahəsində keyfiyyət və yüksək xidmət hədəflərinin ən yaxşı göstəricilərindəndir”.