24 C
Baku
Sunday, June 30, 2024

Azərbaycanın neft-kimya nəhəngi mənfəətə çıxdı – Son ildə ₼71 milyonluq xalis mənfəət

Azərbaycanın neft-kimya sənayesində son 40 ilin ən iri layihələrindən biri hesab edilən “SOCAR Polymer” MMC 2023-cü ildə mənfəətə çıxıb.

Banker.az xəbər verir ki, “SOCAR Polymer” MMC ötən il 512 milyon manatlıq gəlir əldə edərkən, 341 mln. manat satışlarının maya dəyərinə xərc çəkib. Gəlirlər illik müqayisədə 46 faiz, satışın maya dəyəri 31 faiz artıb.

Bu da onun bütün gəlirlər və xərclər fərqindən sonra 71 mln. manat xalis mənfəət əldə etməsinə gətirib çıxarıb. Halbuki, öncəki 2022-ci ili 65 mln. manat zərərlə bağlamışdı.

“SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir. “SOCAR Polymer” şirkəti 2013-cü ildə təsis edilib. Zavod 2019-cu ildən işə düşüb. Şirkət kompleksi illik istehsalat gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen olan iki zavoddan ibarətdir.

“SOCAR Polimer” layihəsinin ümumi investisiya dəyəri təxminən 816 mln. dollar təşkil edir. Bu məbləğin 60%-ni xarici kredit, 40%-ni səhmdarların nizamnamə kapitalına yatırımı təşkil edir.

Banker.az-ın araşdırmasına görə, zavod keçən il xaricə 296.7 dollarlıq məhsul ixrac etmişdi və bu, 2022-ci ildə qeydə alınan 52% yüksəlişdir.

Şirkətin xalis aktivləri (cəmi kapital) 394 mln. manat kəsrdədir. Buna səbəb onun illərdir zərərlə işləməsidir. Məsələn, 2018-ci ildə 46 mln. manat, 2019-cu ildə 38 mln. manat, 2020-ci ildə 134 mln. manat zərər edərkən, 2021-ci ildə 54 mln. manat xalis mənfəət əldə etmişdi.

Son xəbərlər
Digər xəbərlər