Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər açıqlanıb.
Bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”də bildirilib.
Qeyd edilib ki, hesabat ilində neft nəqlinin faktiki göstəricisinin illik proqnozdan az olması tranzit haqqı üzrə gəlirlərin də proqnoza nisbətdə az icrası ilə nəticələnib. 2021-ci ildə neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) 12,6 mln. ABŞ dolları və yaxud 21,4 mln. manat təşkil edib. Bu gəlir maddəsi büdcədə nəzərdə tutulana (21,9 mln. manat) nisbətən 0,54 mln. manat və ya 2.5 faiz az icra olunub, habelə 2020-ci ilə nisbətən (20,4 mln. manat) bu gəlir maddəsinin icrasında 1,0 mln. manat və yaxud 0,6 mln. ABŞ dolları məbləğində artım qeydə alınıb.
2021-ci il ərzində Qərb İxrac Boru Kəmərinin (QİBK) Azərbaycan ərazisindən keçən hissəsi vasitəsi ilə 32,2 mln. barel proqnoza qarşı ümumilikdə 31.0 mln. barel həcmində neft nəql edilib. Azərbaycanın ərazisindən hazırda 4 ixrac boru kəməri keçir ki, bunlardan yalnız QİBK üzrə Fonda vəsaitlər daxil olur. QİBK-in Azərbaycandan keçən hissəsi dövlətin balansında olduğu üçün, nəql olunmasına görə ödənilən tarif Fonda ödənilir.