Azərbaycan noyabr ayında gündəlik 460 min barel həcmində xam neft hasil edib ki, bu da oktyabr göstəricisi ilə eynidir.
Banker.az Beynəlxalq Enerji Agentliyinin dekabr üzrə dərc etdiyi hesabata istinadən xəbər verir ki, ölkənin faktiki hasilatı OPEC+ üzrə nəzərdə tutulan noyabr hədəfindən 90 min barel/gün az olub.
Həmin dövr üçün Azərbaycanın hasilat kvotası təxminən günlük 550 min barel səviyyəsində müəyyənləşdirilib.
IEA bildirir ki, ölkənin davamlı istehsal gücü günlük 480 min barel təşkil edir və noyabr ayı üzrə effektiv ehtiyat hasilat gücü gündəlik 20 min barel civarında qiymətləndirilir.
IEA-nın ümumi qeydində qlobal neft tələbi 2025-də günlük 830 min barel, 2026-da isə günlük 860 min barel artacaq. Noyabrda qlobal təklif 610 min barel azalıb, bunun böyük hissəsi sanksiyalar səbəbindən Rusiya və Venesuelanın payına düşür. Tankerlərdə olan neft həcmlərinin rekord artmasına baxmayaraq, qiymətlər 4 illik minimumlara yaxın qalır. Eyni zamanda, emal gücü məhdudiyyəti və sanksiyalar səbəbindən məhsul bazarlarında gərginlik davam edir.








