Azərbaycan hökuməti ölkənin şimalında alma konsentratı istehsalı üzrə iri müəssisənin tikintisini məqsədəuyğun sayır. Bu barədə Banker.az-a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Söhbət illik istehsal gücü 50 min ton olan alma konsentratı zavodundan gedir. Bu zavod əhalisinin ənənəvi olaraq bağçılıqla məşğul olduğu Quba və ya Qusar rayonunda inşa edilə bilər.
Bundan başqa, Quba, Qusar və Xaçmaz rayonlarında meyvə emalı üzrə kiçik və orta həcmli müəssisələrin və quru meyvə istehsalı üzrə müəssisələrin tikintisi də məqsədəuyğun hesab olunur.
Azərbaycanda Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsinin həyata keçirilməsi məqsədilə meyvə-tərəvəz məhsullarının emalı üzrə üzrə kiçik və orta həcmli müəssisələrin yaradılmasının daha məqsədəuyğun olduğu rayonlar müəyyənləşdirilib.
Hazırlanmış tövsiyələrə əsasən Aran iqtisadi zonasında, xüsusilə Sabirabad, Bərdə, Ucar, Yevlax, Neftçala və Zərdab rayonlarında da meyvə emalı və quru meyvə istehsalı üzrə müəssisələrin yaradılması məqsədəuyğun hesab olunur.
Həmçinin Şəki-Zaqatala, Lənkəran, Dağlıq Şirvan, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi zonalarında da belə müəssisələrin yaradılması tövsiyə olunub.