Azərbaycan 2022-ci ildə xaricdən 17 295.5 ton həcmində kərə yağı idxal edib və bu ölkəyə $99.71 mln.-a başa gəlib.
Bunu Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ötən il idxal edilən kərə yağının 37%-i Yeni Zelandiyadandır. Okeanayam ölkəsindən 6 467.03 ton, yaxud $42.89 mln. dəyərində kərə yağı alınıb.
Y.Zelandiyadan kərə yağı gətirən şirkətlər əvvəlkindən daha baha idxal edir, amma yerli bazarda qiymətlərdə kəskin dinamika yoxdur. Azərbaycanda 2022-ci ildə Yeni Zelandiya kərə yağları üçün qiymətlər stabil ötüşdü demək olar. Məsələn, yerli mağazalarda 2021-ci ilin əvvəlində 19.70 manat civarında olan “Anchor” və “West Gold” markaları cari illə təqribən eyni səviyyədə ticarət olunur. Maraqlıdır ki, rəsmi rəqəmlər idxalçı şirkətlər üçün xərclərin əvvəlkindən 26% bir kiloqramını daha baha alırlar.
Rəsmi məlumata görə, Azərbaycan 2020-ci ildə kərə yağının bir kiloqramını orta qiymətlə Yeni Zelandiyadan $4.85-ə alırdısa, 2021-ci ildə qiymətlər $5.24-ə, 2022-ci il üzrə isə ortalama $6.63-ə satılmaqdadır.
(1 dollar= 1.7000 AZN)
2020-ci ildəki pandemiya və 2022-ci ilin əvvəlində Rusiya-Ukrayna toqquşmasından sonra əksər əmtəə qiymətləri bahalaşdı. Bu bahalaşma qida yağlarından da yan ötmədi. Enerji daşıyıcılarının bahalaşması, gübrənin bahalaşması qida sənayesindəki istehsalçı qiymətləri indeksini dünyada qaldırıb. Lakin burada bir faktı da qeyd etməliyik ki, Yeni Zelandiya dolları (NZD) ötən il ABŞ FED-nin sərt siyasətindən sonra kəskin dəyər itirdi. Riskə həssas Zelandiya dolları ötən il $0.7000-dan $0.5560 (okt. 2022) səviyyəsinə qədər düşdü. Bu özlüyündə Azərbaycan şirkətlərinin yerli valyuta NZD-nin ucuzlaşmasından yararlanaraq daha ucuz qiymətə əmtəə (kərə yağı) idxal etməsi üçün əsas olmalı idi.
Azərbaycan xaricdən 2022-ci ildə ümumi idxal etdiyi kərə yağının həcmini 26% artırdığı halda, Yeni Zelandiyadan cəmi 4.8% artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan kərə yağı istehsalını ötən il 8.3% azaltmaqla 24 733.3 tona qədər azaldıb.