3 C
Baku
Tuesday, January 27, 2026

Azərbaycanın strateji valyuta ehtiyatları $85 milyardı keçib

1 yanvar 2026-cı il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları əhəmiyyətli artım nümayiş etdirib.

Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) və Dövlət Neft Fondunun (ARDNF) üzrə Azərbaycanın strateji valyuta ehtiyatları 1 yanvar 2026-cı ildə 85 milyard 156.4 mln. ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin eyni dövründəki 70 milyard 990.9 mln. dollarla müqayisədə 14  milyard 165.5 mln. dollar və ya təxminən 20% artım deməkdir.

ARDNF valyuta ehtiyatlarında isə daha kəskin artım qeydə alınıb. 2026-cı ilin əvvəlinə Fondun aktivləri 73 milyard 641.5 mln. ABŞ dollarına çatıb. Halbuki 2025-ci ilin 1 yanvarında bu göstərici 60 milyard 031.4 mln. dollar səviyyəsində idi. Beləliklə, ARDNF-nin ehtiyatları bir il ərzində 13 milyard 610.1 mln. dollar və ya təqribən 22.7% artıb.

AMB-nin valyuta ehtiyatları 11 milyard 514.9 mln. ABŞ dollarına yüksəlib. Bu göstərici 1 yanvar 2025-ci ildəki 10 milyard 959.5 mln. dollarla müqayisədə 555.4 mln. dollar və ya təxminən 5.1% artım deməkdir.

ARDNF bu gün hesabatında bildirib ki, 2025-ci il ərzində maliyyə bazarlarında formalaşan tendensiyalar ARDNF-nin aktivlərinə ümumilikdə müsbət təsir göstərmişdir. ABŞ-də əmək bazarının nisbətən zəifləməsi və tariflərin inflyasiya yaradan təsirinin gözlənildiyi kimi reallaşmaması, Avrozonada yumşaldıcı monetar siyasətin davam etməsi və Birləşmiş Krallıqda əmək bazarındakı zəifləmə fonunda mərkəzi bankların faiz dərəcələrini endirməsi istiqraz bazarlarında müsbət qiymətlənməni dəstəkləyib.

Bununla yanaşı, hələ də nisbətən yüksək qalan faiz dərəcələri ARDNF-nin borc öhdəlikləri altportfelinin gəlirliliyini qoruyub. Səhm investisiyaları şirkətlərin dayanıqlı maliyyə göstəriciləri, texnologiya və süni intellekt sahəsində irəliləyişlər hesabına müsbət nəticə göstərmişdir.

Daşınmaz əmlak və infrastruktur üzrə logistika və yaşayış sektorlarında yüksək tələbat gəlirliliyi təmin etmiş, qızıl qiymətlərinin tarixi maksimumlara yüksəlməsi isə ARDNF-nin qızıl altportfeli üzrə əhəmiyyətli gəlirlər formalaşdırmışdır.

 

Son xəbərlər
Digər xəbərlər