14 C
Baku
Thursday, November 21, 2024

Manat üçün mühüm! Azərbaycanın strateji valyuta ehtiyatları tarixi maksimum olan $73.49 milyarda çatdı

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatları 2024-cü ilin 30 sentyabr tarixinə 61 milyard 697.6 milyon ABŞ dollarına və Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları isə 11 milyard 795.8 milyon dollara yüksəlib.

Banker.az xəbər verir ki, bu da ümumilikdə Azərbaycanın strateji valyuta ehtiyatını formalaşdıran bu iki göstəricinin cəmi 73 milyard 493.4 milyon dollar olub.

Cari ilin əvvəlində Fondun valyuta ehtiyatları 56 milyard 069.7 milyon dollar və AMB-nin isə 11 milyard 613 milyon dollar idi ki, bu da cəmi 67 milyard 682.7 milyon dollar ölkənin strateji valyuta ehtiyatıdır.

Beləliklə, ilin əvvəlindən strateji valyuta ehtiyatları 5 milyard 810.7 milyon dollar və ya 8.6 faiz artımdır.

Stateji valyuta ehtiyatları nədir?

Ölkənin strateji valyuta ehtiyatı, bir dövlətin mərkəzi bankı və ya maliyyə qurumları (Azərbaycanda suveren fond ARDNF) tərəfindən saxlanılan xarici valyuta və digər likvid aktivlərin cəmi kimi müəyyən edilir. Bu ehtiyatlar əsasən qızıl, xarici valyutalar (dollar, avro, funt-sterlinq, yena kimi) və Beynəlxalq Valyuta Fondunun (IMF) xüsusi borclanma hüquqlarını (SDR) əhatə edir. Strateji valyuta ehtiyatı ölkənin iqtisadi sabitliyini təmin etmək, xarici borclara xidmət etmək, valyuta bazarına müdaxilə etmək və milli valyutanın dəyərini qorumaq üçün istifadə olunur.

Bu ehtiyatlar, iqtisadi şoklar zamanı ölkənin iqtisadiyyatını dəstəkləməyə və valyuta devalvasiyasının qarşısını almağa kömək edir. Ayrıca, valyuta ehtiyatları, ticarət kəsiri olan ölkələr üçün xarici ticarət əməliyyatlarını asanlaşdırmaq və beynəlxalq kredit reytinqini yaxşılaşdırmaq üçün vacibdir.

Son xəbərlər
Digər xəbərlər