Azərbaycanda su təchizatı və ya onların tullantılarının təmizlənməsi və emalı ilə məşğul olan sektorda maliyyə vəziyyəti yenidən ili mənfi göstəricilərlə bitirdiyi məlum olub.
Banker.az xəbər verir ki, sektor 2024-cü ildə 283.85 milyon manat ümumi zərər edib. Bu, 2023-cü ildəki rəqəmdən 38 faiz yuxarıdır.
Ümumi satışdan mənfəət və ya zərər dedikdə – mal, iş və xidmətlərin satışından əldə edilmiş mənfəət və ya zərərin məbləğidir. Bu məbləğ malların satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərlə satışın maya dəyəri üzrə xərclər arasındakı fərq kimi müəyyən edilir.
Göründüyü kimi bu sahədəki şirkətlərin gəlirləri xərcləri qarşılamır.
Su təchizatı sektoru ümumilikdə 2024-cü ildə 817.56 milyon manat gəlir əldə ediblər. Bunun əvəzində isə 1 mlrd. 110.35 milyon manat xərc çəkmiş olublar. Xərclərinin 333.33 mln. manatı işçilərin əmək haqqına xərclənib.
2024-cü ilin sonuna bu sahədəki müəssisə və təşkilatların ümumi aktivləri əvvəlki illə müqayisədə 3,3% azalaraq 10 milyard 200,4 milyon manata düşüb.
Kapital hissəsində ümumi məbləğ 8% azalaraq 7,6 milyard manata enib. Ödənilmiş nizamnamə kapitalı 10,7% azalsa da, kapital ehtiyatları 9,3% artıb, bölüşdürülməmiş zərər isə azalıb. Öhdəliklər ümumilikdə 13,3% artaraq 2,6 milyard manata yüksəlib.
Qeyd edək ki, bu sektorun əsas oyunçusu “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”dir. “Azərsu” 2023-cü ildə 226.29 milyon manat xalis zərər edib. Burada xalis zərər dedikdə, mənfəət vergisi çıxıldıqdan sonrakı xalis gəlir nəzərə alınır.








