Azərbaycanın təbii qaz bazarında qiymətlər 7% yüksəlib

Azərbaycanın əsas təbii qaz bazarı Avropada qiymətləri kəskin artıb. Banker.az xəbər verir ki, bu, Donald Tramp tərəfindən Hörmüz boğazı blokadası ilə bağlı təhdidlər fonunda baş verir.

Bakı vaxtı ilə 10:00 radələrində Niderlandın təbii qaz habında (TTF) Avropa qaz fyuçerslərinin qiyməti 7% artaraq hər 1000 kub-metri 570 dollar olub.

Bloomberg yazır ki, Avropada təbii qaz qiymətləri ABŞ-ın Hörmüz boğazında tammiqyaslı blokadaya başlayacağı ilə bağlı bəyanatdan sonra kəskin yüksəlib.

ABŞ və İran arasında Pakistan ərazisində keçirilən saatlarla davam edən danışıqlarda razılıq əldə olunmayıb. Bu isə altı həftədir davam edən müharibənin yekun həllinə dair ümidləri azaldıb. Sülh danışıqlarının iflası qaz bazarında yeni volatilliyə səbəb ola və qlobal tədarükdə çatışmazlıq yarada bilər.

Avropada qaz qiymətləri ABŞ və İsrail tərəfindən fevralın sonunda İrana qarşı ilk hücumdan bəri 50%-dən çox artıb.

Avropa Azərbaycan təbii qazının ixrac etdiyi bazardır. Bu ilin ilk iki ayında Azərbaycandan xaricə 4 mlrd. 381 mln. kub-m təbii qaz ixracından 1 mlrd. 285 mln. dollar valyuta əldə edib. İxrac təqribən 5% artıb. Ümumi ixracın yarıdan çoxu (təxminən 2,3-2,5 milyard kubmetr) Avropa İttifaqı ölkələrinin payına düşür. 2026-cı ilin əvvəlindən etibarən Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya çatıb. 2026-cı ilin mart ayında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında Almaniya və Avstriyanın rəsmən siyahıya əlavə olunduğu və TAP kəmərinin ötürücülük qabiliyyətinin illik 1,2 milyard kubmetr genişləndirildiyi vurğulanıb.

2026-cı ilin ilk iki ayında Azərbaycanın dövlət büdcəsində təbii qazın orta ixrac qiyməti 1000 kubmetr üçün 440 dollar səviyyəsində müəyyən edilib.

Son xəbərlər
Digər xəbərlər