Azərbaycan təbii qazının Bolqarıstana nəqlini həyata keçirən Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) kommersiya istismarına başlamasından indiyədək 34,5 milyon MVt/saatdan çox təbii qaz tədarük edilib.
Bu barədə layihənin operatoru ICGB-nin məlumatında bildirilib.
“İnterkonnektor həm Bolqarıstan üçün, həm də daha geniş regional kontekstdə enerji təhlükəsizliyinin gücləndirilməsində və tədarüklərin şaxələndirilməsində əsas rol oynamaqda davam edir. Sistemdə 45-dən çox bazar iştirakçısı qeydiyyatdan keçib və istifadəçilərin davamlı marağı var”, – ICGB-nin bəyanatında qeyd olunub.
Operatorun məlumatına görə, Bolqarıstanın daxili qaz istehlakının 40 %-dən çoxu qışda IGB vasitəsilə ödənilir, yayda isə bu rəqəm 60 %-i ötür. Boru kəməri həmçinin Yunanıstana virtual revers tədarük etməyə imkan verir.
İstismar başlanandan indiyədək əks istiqamətdə artıq təxminən 2 milyon MVt/saat nəql edilib ki, bu da operatorun fikrincə, sistemin operativ çevikliyini nümayiş etdirir.
“ICGB Yunanıstan tərəfində müvafiq imkanlar mövcud olan kimi Komotinidəki qarşılıqlı əlaqə nöqtəsi (IP ICGB-DESFA) vasitəsilə Bolqarıstandan Yunanıstana əks axınların kommersiya məqsədli başlanmasına tam hazırdır. Həmin istiqamətdə bu fürsəti həyata keçirmək və regional qaz bazarının çevikliyini daha da artırmaq üçün Yunanıstanın DESFA operatoru ilə sıx əməkdaşlıq aparılır”, – şirkət vurğulayıb.
Qeyd edək ki, IGB qaz kəməri Yunanıstanın milli qaz nəqli sistemini (DESFA SA operatoru) və Komotini ərazisindəki Trans Adriatik Boru Kəmərini (TAP AG) Stara Zaqora ərazisində Bolqarıstanın qaz nəqli sistemini (“Bulqartransqaz EAD”) birləşdirir.
Qaz kəmərinin uzunluğu 182 km, diametri 813 mm-dir. Layihə gücü Yunanıstan-Bolqarıstan istiqamətində ildə 3 milyard kubmetr qaz təşkil edir. İnfrastrukturun bitişik hissələrində bazar marağı və texniki məqsədəuyğunluq olsa, gücün ildə 5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.