2022-ci ilin 9 ayı üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənib.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.
Cari əməliyyatlar balansında 17.7 mlrd.$ profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 9.6 mlrd.$ kəsir yaranmış, ehtiyat aktivləri 7.6 mlrd.$ artıb.
Bu dövrdə xam neftin orta qiyməti 107$/barel olmuş, qeyri-neft-qaz ixracı isə 21.5% artaraq 2.0 mlrd .$ səviyyəsində formalaşıb.
2022-ci ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 17.7 mlrd.$ və ya ÜDM-in 30.7%-ni təşkil etmişdir (2021-ci ilin 9 ayı üzrə 3.9 mlrd.$ profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 2.6 dəfə artaraq 21.4 mlrd.$, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 12.1% azalaraq 3.7 mlrd.$ məbləğində olmuşdur.
Xarici ticarət balansı. 2022-ci ilin 9 ayı üzrə xarici ticarət dövriyyəsi 40.2 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə 27.0 mlrd.$ həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 5.8 mlrd.$ həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 21.2 mlrd.$ həcmində profisit yaranmışdır. 2022-ci ilin 9 ayında Azərbaycanın dünyanın 169 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 9.5%-i MDB üzvü olan ölkələrin, 90.5%-i isə digər xarici ölkələrin payına düşür.
Əmtəə ixracı. Hesabat dövründə əmtəə ixracı 2.2 dəfə artaraq 30.7 mlrd.$ təşkil etmişdir. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın ö.i.m.d.n. bahalaşması səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 2.3 dəfə artaraq 28.7 mlrd.$ olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (28.7 mlrd.$) 15.9 mlrd.$-ı xam neftin, 12.3 mlrd.$-ı təbii qazın, 0.5 mlrd.$-ı isə neft emalı məhsullarının payına düşür. 2022-ci ilin 9 ayı üzrə qeyri-neft-qaz ixracı 21.5% artaraq 2.0 mlrd.$ olmuşdur.
Əmtəə idxalı. 2022-ci ilin 9 ayı üzrə əmtəə idxalı ö.i.m.d.n. 27.4% artaraq 9.5 mlrd.$ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 4.0 mlrd.$ olmuş, bunun da 1.4 mlrd.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 26.3% artaraq 7.9 mlrd.$ olmuşdur. Qeyri-neft-qaz idxalının strukturunda metalların (70.6%), dənli bitkilərin (46.1%), kağız məmulatlarının (42.6%), kərə yağının (41.1%), mebel məhsullarının (29.4%), bitki yağlarının (20.6%), ağac məmulatlarının (18.9%), şəkərin (14.7%), əczaçılıq məhsullarının (14.2%), daş və şüşə məmulatlarının (11.0%), alkoqollu və alkoqolsuz içkilərinin (10.5%), tütün məhsullarının (9.8%), tərəvəz məhsullarının (7.9%), sabun və yuyucu vasitələrinin (6.8%), minik avtomobillərinin (5.8%) və ətir və kosmetik vasitələrinin (3.2%) idxalı artmışdır. Bu dövrdə gəmilər, qayıqlar və üzən konstruksiyaların (27.3%), qazanlar, avadanlıq və mexaniki qurğuların (22.7%) və hesablama maşınlarının (6.9%) idxalı isə azalmışdır.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 4.3% təşkil edərək 414.4 mln.$ olmuşdur.
Xidmətlər balansı. 2022-ci ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 9.8 mlrd.$ təşkil etmişdir. Bunun 5.6 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4.2 mlrd.$-ı isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 18.8% azalaraq 1.4 mlrd.$ olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 0.9 mlrd.$ (30.0% azalma) olmuşdur. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 0.5 mlrd.$ (12.8% artım) olmuşdur.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 40.6%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 4.0 mlrd.$ olan nəqliyyat xidmətlərinin 65.2%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 12 Tədiyə balansı hesabatı 2.6 mlrd.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.4 mlrd.$ təşkil etmişdir.
Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 15.3%, idxalı isə 21.3% artmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ilin 9 ayında 2.1 dəfə artaraq 1.2 mlrd.$-a yüksəlmişdir. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2021-ci ilin 9 ayında 0.6 mlrd.$ olmuşdur.
2022-ci ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.6 dəfə artaraq 1.3 mlrd.$ təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (692 mln.$) ixracı (604 mln.$) üstələməsi nəticəsində 88 mln.$ həcmində kəsir yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 67%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2.2 dəfə artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 0.7 mlrd.$ olmuşdur. Bunun 82.9%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 5.4 dəfə artaraq 32.8 mln.$ təşkil etmişdir. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 49% artaraq 0.7 mlrd.$ olmuşdur.
İlkin gəlirlər balansı. Hesabat dövründə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 4.7 mlrd.$ kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 0.4 mlrd.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir 4 dəfə artaraq 4.3 mlrd.$ təşkil etmişdir. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 6.5 mlrd.$ olmuşdur. Bunun 83%-i 5.4 mlrd.$ olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil etmişdir. Bu məbləğin isə əsas hissəsini (4.6 mlrd.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 4.5 mlrd.$ beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyrirezidentlərə ödənilən faizlər (342.2 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (219.9 mln. $) və digər ödənişlər (199.6 mln.$) təşkil etmişdir.
Təkrar gəlirlər balansı. Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 3.5 mlrd.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 2.9 mlrd.$, ödənişlər isə 0.6 mlrd.$ təşkil etmişdir. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 96.4%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 2.5%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1.1%ni isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 3.6 dəfə artaraq 2.8 mlrd.$, ölkədən köçürülən pul baratlarının həcmi isə 29.6% artaraq 0.5 mlrd.$ olmuşdur. Nəticədə pul baratları üzrə 2.3 mlrd.$ müsbət saldo yaranmışdır.
Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 2.3 mlrd.$ (6.3 dəfə artım) təşkil etmişdir.
KAPİTAL VƏ MALİYYƏNİN HƏRƏKƏTİ HESABI
2022-ci ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 5 746.6 mln.$ artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (40.1 mln.$), portfel investisiyaları (569.3 mln.$) və digər investisiyalar (5 137.2 mln.$) hesabına formalaşmışdır. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 3 848.7 mln.$ azalmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (-3 659.6 mln.$), neft bonusu (452.2 mln.$), portfel investisiyaları (-235.8 mln.$) və digər investisiyalar (-405.5 mln.$) hesabına formalaşmışdır.
Birbaşa investisiyalar. Birbaşa investisiyaları üzrə xalis maliyyə aktivləri 40.1 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 3.7 mlrd.$ azalmışdır. Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4.6 mlrd.$, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 0.8 mlrd.$ olmuşdur. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 3.7 mlrd.$ mənfi saldo yaranmışdır.
Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 69.8% təşkil etmişdir. 2022-ci ilin 9 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-5 016.0 mln.$) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (3 196.5 mln.$) həmin sektor üzrə kapitalın repatriasiyası (8 212.5 mln.$, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.
Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2.4 dəfə artaraq 1.4 mlrd. $ olmuşdur.
Portfel investisiyaları. Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 569.3 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 235.8 mln.$ azalmışdır. Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (87.2 mln.$), bank (141.3 mln.$) və digər (336.0 mln.$) sektorların və kapitalda iştiraka təminat verən qiymətli kağızların (4.8 mln.$) hesabına artmışdır.
Öhdəliklər əsasən dövlət (2.2 mln.$), bank (112.2 mln.$) və digər (122 mln.$) sektorların hesabına azalmış, kapitalda iştiraka təminat verən qiymətli kağızların (0.6 mln.$) hesabına isə artmışdır.
Neft bonusu. 2017-ci il 14 sentyabr tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 mlrd.$ məbləğində neft bonusu ödənilməsi nəzərdə tutulmuşdur. Bu məbləğin illik ödənişi 450 mln.$ təşkil edir. Cari il üzrə nəzərdə tutulan vəsait 2022-ci ilin yanvar ayında Azərbaycan tərəfinə ödənilmişdir. 4.4. Digər investisiyalar Digər investisiyalar üzrə xalis maliyyə aktivləri 5.1 mlrd.$ artmış, xalis maliyyə öhdəlikləri isə 405.5 mln.$ azalmışdır. Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 29.5 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 952.7 mln.$ azalmışdır. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (59.4 mln.$) hesabına artmış, neft-qaz sektorunun kreditləri (527.6 mln.$), dövlət kreditləri (240.1 mln.$), dövlət zəmanətli kreditlər (228.8 mln.$) və müəssisələrin kreditləri (15.6 mln.$) hesabına isə azalmışdır. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 3.2 mlrd.$, xalis maliyyə öhdəlikləri isə 0.5 mlrd.$ artmışdır.
EHTİYAT AKTİVLƏRİ
2022-ci ilin 9 ayı ərzində tədiyə balansının ehtiyat aktivləri 7.6 mlrd.$4 artmışdır.
BALANSLAŞDIRICI MADDƏLƏR
Hesabat dövründə tədiyə balansı üzrə balanslaşdırıcı maddələr mənfi 510.9 mln.$ həcmində olmuşdur.