Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı yekdil fikir var.
Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanın İrandakı səfirliyinin yenidən açılması prosesi ilə bağlı suala cavab verərkən bildirib.
“Azərbaycan rəsmisinin (Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov-red.) Tehrana səfəri iki ölkə rəsmiləri arasında aparılan danışıqların davamı olaraq baş tutub. Yaxşı danışıqlar və məsləhətləşmələr aparıldı. Həm Azərbaycan tərəfi, həm də İran tərəfi Qafqazda və regionda baş verən son hadisələrlə bağlı fikirlərini bildirdi. Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı yekdil fikir var. Aparılan müzakirələr və atılan uğurlu addımlar çərçivəsində səfirlik yaxın vaxtlarda Tehranda fəaliyyətini bərpa edə bilər. Biz İran və Azərbaycan arasında ikitərəfli münasibətlərdə yaxşı abu-havada və tendensiyadayıq”, – XİN rəsmisi vurğulayıb.