2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 43.83 mlrd. ABŞ dolları olub.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 22.64 mlrd. dolları ixracın (51.7%), 21.19 mlrd. dolları isə idxalın (48.3%) payına düşüb.
Nəticədə 1.45 mlrd. dollar müsbət ticarət saldosu yaranıb. Öncəki ayda bu rəqəm 1.46 mlrd. dollar idi.
İllik müqayisədə ticarət dövriyyəsi nominal ifadədə 2.4% artsa da, real ifadədə 9.2% azalıb; idxal real ifadədə 10.4%, ixrac isə 8.3% geriləyib.
Qeyri neft-qaz ixracı 3.32 mlrd. dollar təşkil edib və nominal olaraq 7.3% artsa da, real ifadədə 17.9% azalıb.
Xarici ticarətdə əsas tərəfdaşlar İtaliya, Türkiyə, Rusiya və Çin olub. İxracda əsas pay İtaliyanın, idxalda isə Çinin və Rusiyanın payına düşüb.






