12 C
Baku
Monday, November 25, 2024

Azərbaycanın ÜDM-i yanvarda 6% artıb

Bu ilin yanvar ayında Azərbaycanda ÜDM-in illik artım tempi təxminən 6%, qeyri-neft ÜDM-nin artım tempi isə təxminən 9% təşkil edib.

Bu barədə Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində deyib.

Prezident qeyd edib ki, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24%-ə bərabər olub.

“Bəli, Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyona çatıb. Bu, ölkədə gedən müsbət meyillərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür. Əlbəttə ki, bizdə bütün sahələrdə olan potensial bu demoqrafik artıma uyğun olmalıdır. Eyni zamanda, ölkə iqtisadiyyatı artır, sənaye potensialı artır. Keçən il biz xalqımızı gözəl göstəricilərlə sevindirə bildik. Keçən il iqtisadiyyatımız 5%-dən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20% artıb. Yanvar ayının ilk yekunları mənə bu günlərdə məruzə edildi. Nəticələr daha da ümidvericidir. İqtisadi artım təxminən 6%, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9%, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24% olub. Bu da rekord göstəricidir. Yəni, bu onu göstərir ki, müsbət dinamika bu il də təmin ediləcək. Yanvar ayı ilin başlanğıcıdır. Dünyanın istənilən ölkəsində yanvar ayında iqtisadi artım templəri adətən o qədər güclü olmur, o cümlədən Azərbaycanda. Amma qeyd etdiyim bu göstəricilər, necə deyərlər, özlüyündə bir nəticədir”, – dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, qeyri-neft sektorunun artımı (ötən il 7,2%), yüksək neft qiymətləri və enerji sektorunda istehsalın artması şəraitində 2021-ci ildə Azərbaycan iqtisadiyyatı real ifadədə 5,6% böyüyüb. Sözügedən göstərici 2013-cü ildən bəri ÜDM üzrə qeydə alınan ən yüksək artım tempidir. Nəticədə, ötən il Azərbaycanda real ÜDM-in həcmi COVID-19 pandemiyasından əvvəlki ildə (2019-cu il) qeydə alınan göstəricini 1-1,1% üstələyib.

Proqnozlara gəldikdə, Azərbaycan İqtisadiyyat Nazirliyi bu il ölkədə ÜDM-in real artımının 3,9% səviyyəsində olacağını gözləyir. Dünya Bankının son proqnozuna görə, bu il Azərbaycan iqtisadiyyatı 3,1%, BMT-nin proqnozuna görə isə 4% artacaq.

Son xəbərlər
Digər xəbərlər