Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.
Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
15 noyabr 2021-ci il tarixli 351 nömrəli Qərarda deyilir:
“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643, № 6, maddə 784, № 8, maddə 1134, № 9, maddə 1222, № 10, maddə 1273, № 11, maddələr 1403, 1408, № 12 (V kitab), maddələr 1589, 1597; 2021, № 2, maddə 203, № 3, maddələr 278, 288, 293, 300, 302, № 4, maddələr 395, 399, 404, 416, 417, 418, № 6 (IV kitab), maddə 695, № 7, maddələr 871, 874, № 8, maddələr 966, 973; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 sentyabr tarixli 264 nömrəli, 15 oktyabr tarixli 312 nömrəli və 28 oktyabr tarixli 320 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatı” üzrə:
1.1. on ikinci sətirdə “təşkilatlarla əməkdaşlıq” sözləri “təşkilatlara üzvlük haqqı” sözləri ilə əvəz edilsin;
1.2. on üçüncü sətirdə “institutları ilə əməkdaşlıq” sözləri “institutlarının səhm kapitalında iştirak” sözləri ilə əvəz edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə
xərclərinin funksional təsnifatına əlavə” üzrə: 2.1. “1.2.0. Beynəlxalq münasibətlər” köməkçi bölməsində “1.2.1. Beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq” sözləri “1.2.1. Beynəlxalq və regional təşkilatlara üzvlük haqqı” sözləri ilə, “1.2.2. Beynəlxalq və regional maliyyə institutları ilə əməkdaşlıq” sözləri “1.2.2. Beynəlxalq və
regional maliyyə institutlarının səhm kapitalında iştirak” sözləri ilə əvəz edilsin;
2.2. “1.2.1. Beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq” paraqrafının adında “təşkilatlarla əməkdaşlıq” sözləri “təşkilatlara üzvlük haqqı” sözləri ilə əvəz edilsin və həmin paraqrafdan “və ianə” sözləri çıxarılsın;
2.3. “1.2.2. Beynəlxalq və regional maliyyə institutları ilə əməkdaşlıq” paraqrafının adında “institutları ilə əməkdaşlıq” sözləri “institutlarının səhm kapitalında iştirak” sözləri ilə əvəz edilsin;
2.4. “1.3.0. Xarici ölkələrə yardımlar” köməkçi bölməsində “1.3.0. Xarici ölkələrə yardımlar” sözləri “1.3.0. Xarici yardımlar” sözləri ilə əvəz edilsin;
2.5. “4.1.0. Məktəbəqədər təhsil” köməkçi bölməsində “4.1.0. Məktəbəqədər təhsil” sözlərindən sonra “köməkçi bölməsinə” sözləri əlavə edilsin;
2.6. “4.2.4. İnternat və xüsusi məktəblər” paraqrafından “uşaq və ailəyə dəstək mərkəzlərinin,” sözləri çıxarılsın;
2.7. “6.2.3. Uşaq evləri” paraqrafına “ailə tipli kiçik qrup evlərinin” sözlərindən sonra “, uşaq və ailəyə dəstək mərkəzlərinin” sözləri əlavə edilsin;
2.8. “9.2.0. Baytarlıq” köməkçi bölməsinə “laboratoriyalarının saxlanılması,” sözlərindən sonra “özəl baytarlıq subyektləri tərəfindən göstərilən xidmətlərin haqqının ödənilməsi,” sözləri əlavə edilsin;
2.9. “10.7.2. Çirkab sularının yığılması və təmizlənməsi” paraqrafına aşağıdakı məzmunda yeni dördüncü abzas əlavə edilsin, dördüncü və beşinci abzaslar müvafiq olaraq beşinci və altıncı abzaslar hesab edilsin: “ – şəhər və rayon mərkəzlərində qrunt sularının təmizlənməsi ilə bağlı xərclər;”;
2.10. “11.2.4. Turizm” paraqrafında “və nəşri” sözləri “, nəşri və subsidiya verilməsi” sözləri ilə əvəz edilsin;
2.11. “11.4.3. Dövlət əsaslı vəsait qoyuluşu” paraqrafı aşağıdakı redaksiyada verilsin: “11.4.3. Dövlət əsaslı vəsait qoyuluşu” paraqrafına obyektlərin tikintisi, bərpası, yenidən qurulması, əsaslı təmiri və yeni güclərin istifadəyə verilməsi ilə bağlı xərclər daxildir. Bu paraqrafa, həmçinin tikinti aparılacaq sahələrdə mövcud obyektlərin söküntüsü ilə bağlı xərclər, yeni tikilmiş, bərpa olunmuş, əsaslı təmir edilmiş obyektlərin mebel, inventar və avadanlıqla təchiz olunması, həmin obyektlərin ərazilərinin abadlaşdırılması, dövlət ehtiyacları üçün tikinti altına düşən torpaq və digər obyektlərin özgəninkiləşdirilməsi, layihə-smeta sənədlərinin hazırlanması, müəllif nəzarəti və texniki nəzarət xidmətləri ilə bağlı xərclər, xaricdən cəlb edilmiş kredit, qrant və digər vəsaitlər hesabına həyata keçirilən layihələrdə dövlətin iştirak payı ilə əlaqədar və bu qəbildən olan digər xərclər daxildir.”.
3. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın “222100. Cari təmir” paraqrafında “Nəqliyyat vasitələrinin cari təmir xərcləri” maddəsinin “221120” təsnifat kodu “222120” təsnifat kodu ilə əvəz edilsin.
4. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:
4.1. “210000. Əməyin ödənişi” bölməsində “Əməkhaqqı üzrə işəgötürənlərin ödənişləri” sözləri “Əməkhaqqına görə ayırmalar” sözləri ilə əvəz edilsin;
4.2. “212000. Əməkhaqqına ayırmalar” köməkçi bölməsinin adına “Əməkhaqqına” sözündən sonra “görə” sözü əlavə edilsin;
4.3. “221100. Dəftərxana və təsərrüfat xərcləri” paraqrafından “, həmçinin bu qəbildən digər xərclər” sözləri çıxarılsın və həmin paraqrafa “katriclərin” sözündən sonra “, kompüter və digər ofis avadanlıqları üçün aksesuarların, kalkulyatorların, həmçinin təmizlik vasitələri və bu qəbildən olan digər təsərrüfat mal-materiallarının” sözləri əlavə edilsin;
4.4. 221400. Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması” paraqrafında “, müayinələrin aparılması üçün” sözləri “və” sözü ilə əvəz edilsin və həmin paraqrafdan “öz laboratoriyası olmadığı halda digər müəssisələrdə aparılan müayinələrə,” sözləri çıxarılsın;
4.5. “221900. Digər malların alınması” paraqrafına “digər alışlarla bağlı xərclər” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəlikləri üzrə 221100-cü, 221200-cü və 221500-cü paraqraflarına aid və 221100-221600-cü paraqraflarında qeyd olunmayan digər alışlarla bağlı xərclər” sözləri əlavə edilsin;
4.6. “222290. Digər kommunal xidmətlərin haqqının ödənilməsi” maddəsindən “hündürmərtəbəli inzibati və digər təyinatlı binalarda şüşələrin yuyulması,” sözləri çıxarılsın;
4.7. “222440. Əsas fondların və digər aktivlərin saxlanılması xərcləri” maddəsinə “fasadlarının” sözündən sonra “, şüşələrinin” sözü əlavə edilsin;
4.8. “222442. Sanitariya-gigiyena və digər xidmət haqqı xərcləri” yarımmaddəsinə “fasadlarının” sözündən sonra “, şüşələrinin” sözü, “digər xərclər” sözlərindən sonra “, həmçinin 222441-ci yarımmaddəsi üzrə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə aid olan xərclər” sözləri əlavə edilsin;
4.9. “222700. Elmi tədqiqat xidmətləri, təcrübə və müayinələrin haqqının ödənilməsi” paraqrafı aşağıdakı redaksiyada verilsin:
“222700. Elmi tədqiqat xidmətləri, təcrübə və müayinələrin haqqının ödənilməsi” paraqrafına elmi tədqiqat işlərinin, təcrübələrin, müayinələrin, təcrübi eksperimental işlərin, müəssisə və təşkilatlar üçün kənar təşkilatlar tərəfindən yerinə yetirilən xidmətlərin, həmçinin statistik, metroloji, ekoloji, tibbi təcrübələrin, tədqiqat və müayinələrin aparılması, keçirilməsi və bu qəbildən olan digər iş və xidmətlərin haqqının ödənilməsi ilə bağlı xərclər daxildir.”;
4.10. “222900. Digər iş və xidmətlərin haqqının ödənilməsi” paraqrafında “222970. Məhkəmə prosesi ilə bağlı xidmətlərin ödənilməsi” sözləri “222970. Məhkəmə və mediasiya prosesi ilə bağlı xidmətlərin ödənilməsi” sözləri ilə əvəz edilsin;
4.11. “222920. İstehlakyönlü müxtəlif xidmətlər” maddəsinə birinci halda “iştirak xərcləri,” sözlərindən sonra “qonaqların qəbulu və onlara xidmət göstərilməsi xərcləri,” sözləri əlavə edilsin və həmin maddədə “məktəbəqədər təhsil müəssisələrinin hazır yemək təminatının ödənilməsi” sözləri “qanunverciliyə uyğun olaraq hazır yemək təminatı olan təhsil müəssisələrində müvafiq təminatın ödənilməsi xərcləri” sözləri ilə əvəz
edilsin;
4.12. “318200. Yeraltı aktivlər və digər təbii aktivlər” paraqrafına “aktivlərin alınması” sözlərindən sonra “, həmçinin yerin təkindən istifadəyə görə ödənişlər” sözləri əlavə edilsin.
5. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı” yeni redaksiyada verilsin (əlavə olunur).
6. Bu Qərarın 4.4-cü və 4.7-4.9-cu bəndləri 2022-ci il yanvarın 1-dən qüvvəyə minir”.