15 C
Baku
Saturday, May 4, 2024

Azərbaycanın xaricə bal satışı niyə azdır?

Bu il həm Qarabağ zonasında, həm Aranda, həm də Quba-Qusar bölgəsində arıçılıqda məhsuldarlıq yaxşı olub. Orta məhsuldarlıq cənub bölgəsində nisbətən zəif olub. Amma ümumilikdə bu il Azərbaycanda yüksək məhsuldarlıq qeydə alınıb. Məhsuldarlıq amilinə görə qiymətlərdə bir qədər enmə də müşahidə edilə bilər. Məhsuldarlığın çox olması arıçılar üçün satışda müəyyən problemlər yarada bilər.

Banker.az xəbər verir ki, bu barədə Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov “vergiler.az”a müsahibəsində danışıb.

Sədr bildirib ki, Azərbaycan balının çox cüzi hissəsi xaricə ixrac edilir. Bunun səbəbi az bal istehsal etməyimiz deyil, ortada başqa amillər var. Birinci səbəb odur ki, Azərbaycanda balın qiyməti dünya qiymətlərindən ən azı, 3 dəfə yüksəkdir. Balın qiyməti yüksək olduğuna görə xarici alıcılar Azərbaycan balına o qədər də maraq göstərmirlər. Digər məsələ odur ki, sifarişçilər arıçılardan böyük miqdarda bal alarkən məhsulun hamısının eyni növə aid olmasını, yəni bütün balların eyni cür olmasını istəyirlər. Azərbaycanda böyük arıçılıq təsərrüfatlarının sayı çox az olduğundan arıçılar sifarişçilərə eyni cür bal verə bilmirlər. Müxtəlif balları birləşdirib eyni bal növünə salmaq üçün tələb olunan avadanlıqlar da yalnız bir necə arıçıda var. Balın çox az ixrac edilməsinin səbəblərindən biri də ixrac işinin təşkil edilməməsidir. Bu məsələ ilə bağlı araşdırma aparılmalıdır. Macarıstanın “Akasiya” balı premium formasında dünya bazarına çıxarılır. Dünyada akasiya balı çoxdur, amma biyan balı azdır. Biyan müalicəvi bitki olduğundan onun balı qiymətlidir. Biz də biyan balını Azərbaycan markası olaraq, dünya bazarına çıxara bilərik.

Balın qiymətindən də danışan sədr qeyd edib ki, əvvəllər məhsuldarlıq az olduğundan balın da qiyməti yüksək olub. Təxminən 5 il əvvəl Azərbaycanda 8 manata təmiz bal almaq mümkün deyildi, həmin dövrdə təmiz balın qiyməti 20-30 manata idi. Amma indi Azərbaycanda topdansatış qiymətə 8 manata bal tapmaq mümkündür. Sayı az olsa da, ölkəmizdə artıq 8-10 ton bal istehsal edən böyük arıçılıq təsərrüfatları var. Bu səbəbdən Azərbaycanda balın qiyməti yüksəlmir, topdansatış qiymətlərində sabitlik müşahidə edilir. Topdansatış qiymətləri isə ona görə enmir ki, qiymətlər enən kimi balın keyfiyyəti ilə bağlı anti-reklam aparılır.

O əlavə edib ki, qiymətin baha olmasının səbəbi balın keyfiyyətli olması ilə o qədər də əlaqəli deyil. Qubanın, Tovuzun 1 kq balı 30 manata, Balakən-Zaqatala, Aran balı isə 15 manata satılır. Hansısa təsərrüfatdakı arı ailələrinin məhsuldarlığı az olduğu üçün arıçı balı 30 manata satır. Məhsuldarlığı çox olanlar isə balı 15 manata satır. Azərbaycanda adambaşına düşən balın istehlak həcmi dünya göstəricilərindən 2 dəfəyə yaxın aşağıdır. Orta statistik Azərbaycan vətəndaşı 400-600 qram bal yeyir. Dünyanın bir çox ölkələrində bal qida məhsulu kimi satılır. Ancaq Azərbaycanda bal bir qida məhsulu kimi deyil, müalicəvi vasitə kimi satılır, çox təsadüfi hallarda bal qida məhsulu kimi alınır. Qiymətin baha olması da burada rol oynayır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər