2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın mis filizləri və konsentratları ixracı kəskin artaraq 13 351 ton təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18 dəfədən çox artım deməkdir.
Banker.az xəbər verir ki, ixracın ümumi dəyəri isə 24 milyon 247 min dollara yüksəlib — bu da illik müqayisədə 17 dəfəlik artımdır.
2024-cü ilin ilk səkkiz ayında Azərbaycan mis filizlərini yalnız İsveçrəyə ixrac etmişdi (729,83 ton, 1 milyon 472 min dollar). 2025-ci ildə isə ixrac coğrafiyası əhəmiyyətli şəkildə genişlənib — Gürcüstan və Özbəkistan yeni alıcılar kimi siyahıya daxil olub. Gürcüstan əsas bazara çevrilərək 11 685 tonluq ixrac həcmi və 20 milyon 672 min dollarlıq dəyər ilə ümumi satışların 85%-dən çoxunu təşkil edib. Özbəkistana 845 ton mis ixrac olunub, dəyəri 869 min dollar olub. İsveçrəyə ixrac isə 821 ton təşkil edib, bu, əvvəlki illə müqayisədə miqdar baxımından artım olsa da, ümumi pay baxımından azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk 9 ayında 25 dəfə artaraq 2 766.6 ton mis filizi hasil edilib. Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın mədən şirkəti “Anglo Asian Mining plc” 2025-ci il üzrə yenilənmiş hasilat proqnozunu açıqlayıb. “Gilar” və “Dəmirli” yataqlarının istismara verilməsi nəticəsində hasilat həcmi əhəmiyyətli dərəcədə artacaq. İlin sonuna isthesal proqnozu 4 900 tondan 9000 tona qədər yüksəldilib.
İxracda orta qiymət göstəriciləri də nəzərəçarpır. 2024-cü ildə bir ton mis filizinin ixrac qiyməti təxminən 2 017 dollar idi, 2025-ci ildə isə bu göstərici 1 816 dollar səviyyəsinə düşüb. Yəni hər ton üzrə orta qiymət 10%-ə yaxın ucuzlaşıb. Yüksək ehtimal Azərbaycanda bu məshulun ixracındakı orta qiymətin düşməsi öncəki ildən daha aşağı qiymətli filizlərin satışı ilə əlaqəlidir.
Son 12 ayda London Metal Birjasında misin bir tonunun qiyməti 9 401.5 dollardan 10 595 dollara qədər yüksələrək təxminən 12,7 faiz artıb. Reuters və Bloomberg-in mənbələrinə görə, qiymətə təsir edən əsas amillər İndoneziyadakı mədən pozuntuları, Çin tələbatındakı dəyişikliklər və makroiqtisadi göstəricilərdir. Böyük investisiya bankları tədarük risklərini vurğulayaraq 2025-ci il qiymətlərini 10,200–10,500 dollar aralığında proqnozlaşdırır. Qiymətin davamlılığı Çin və təchizat şoklarının idarə olunmasından asılı qalacaq.