2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın xaricə satışa çıxardığı qabığı təmizlənmiş meşə fındığın həcmi 12 037 ton təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 30,2% artım deməkdir. Eyni dövrdə fındığın ixrac dəyəri 87 milyon 757 min dollar olub, bu da 2024-cü illə müqayisədə 50,6% artım deməkdir.
Banker.az xəbər verir ki, ən çox fındıq alıcıları arasında Rusiya liderliyi qoruyub saxlayıb. 2025-ci ildə Rusiyaya ixrac 5 689 ton və 37 milyon 78 min dollar təşkil edib, miqdar baxımından keçən ilə nisbətən 8% azalsa da, dəyər baxımından cüzi artım müşahidə olunub. Almaniya və İtaliya da əsas alıcılar sırasındadır. Almaniyaya satış 1,984 ton (2024-cü ilə nisbətən 87,4% artım), dəyəri 16 milyon 421 min dollar (101,8% artım) olub. İtaliyaya ixrac isə 1 216 ton (104,7% artım), dəyəri 10 milyon 305 min dollar (148,5% artım) təşkil edib.
Türkiyəyə satış həcmi 2024-cü illə müqayisədə 5,5 dəfə artaraq 1 221 ton, dəyəri isə 955 min dollar olub. Bununla yanaşı, İsveçrə, Polşa və Gürcüstan kimi ölkələrdə də ixrac artıb, xüsusilə Polşaya satış 342 ton olub, dəyəri 2 milyon 718 min dollar təşkil edib.
2025-ci ildə Azərbaycan ixrac siyahısına yeni ölkələr də daxil olub. Qırğızıstan, Səudiyyə Ərəbistanı və Özbəkistan ilk dəfə fındıq alıcıları siyahısına düşüb.
2025-ci ildə bir ton fındığın ixrac orta qiyməti təxminən 7 292 dollar təşkil edib, 2024-cü ildə isə bu rəqəm 6 303 dollar idi.
Qeyd edək ki, yaz aylarında baş verən şaxtalar Türkiyədə fındıq məhsuluna ciddi zərər vurub. Dünyada fındıq istehsalının 65%-ni təmin edən Türkiyədə topdansatış qiymətləri apreldən bəri 30% artıb və artımın davamı gözlənilir. Bu barədə Bloomberg məlumat vermişdi.
Qiymət artımı “Nutella” və “Ferrero Rocher” məhsullarını istehsal edən “Ferrero” şirkətinin təchizatına da risk yaradır. Şirkət Türkiyədə istehsal olunan fındığın təxminən 25%-ni alır və fındıq “Nutella”nın tərkibinin 13%-ni təşkil edir.
İqlim dəyişikliyi nəticəsində yüksək dağlıq bölgələrdə məhsulun bir hissəsinə 100%-ə qədər ziyan dəyib. Türkiyənin ən böyük ixracatçı qrupu məhsul proqnozunu 20% azaldaraq 609 min ton səviyyəsində açıqlayıb. Bəzi investorlar fındıq qiymətlərinin bir il ərzində beşqat bahalaşacağını proqnozlaşdırırlar.