2025-ci ilin ilk üç rübündə Azərbaycanın pambıq lifi ixracı 92 min ton təşkil edərək, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7.7% azalıb. İxracın dəyəri 135 milyon dollar olub, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 10.6% azalma deməkdir.
Banker.az xəbər verir ki, əsas ixracatçıların payında mühüm dəyişiklik olub.
Belə ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin 2025-ci ilin ilk üç rübündə ixracı 30.3 milyon dollar olub, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28.8% azalma göstərib. “Prime Cotton” MMC isə ixracını 79.5 milyon dollardan 90.8 milyon dollara yüksəldərək 14.2% artım əldə edib.
Ölkələr üzrə baxdıqda, Türkiyəyə ixrac 88 min ton təşkil edib və 2024-cü ilin 84 min ton ilə müqayisədə 4.2% artım göstərib. Dəyər baxımından Türkiyə ixracı 128 milyon dollar olub, bu da 2024-cü ilə nisbətən 3.4% artım deməkdir.
Türkmənistana ixrac 2 min ton olub, keçən ilki 10 min ton ilə müqayisədə 80.6% azalma müşahidə olunub. Dəyər baxımından azalma 80.4% təşkil edib.
İrana ixrac 1 min ton təşkil edib, bu da keçən ilin 3 min ton ilə müqayisədə 65.7% azalma deməkdir. Dəyər baxımından azalma 62.1% olub.
Rusiya bazarına ixrac 1 min ton olub, 2024-cü ilin 3 min ton ilə müqayisədə 73.9% azalma göstərib. Dəyər baxımından Rusiya ixracı 1.04 milyon dollar olub.
Bolqarıstana ixrac isə 0.1 min ton təşkil edib, bu ölkəyə ixracın dəyəri 0.14 milyon dollar olub.
Orta ixrac qiymətinə baxdıqda, pambıq lifinin tonu üçün 2025-ci ilin ilk üç rübündə orta qiymət təxminən 1.47 min dollar/ton olub, 2024-cü ilin 1.52 min dollar/ton qiyməti ilə müqayisədə 3.3% azalma qeyd olunub.







